[b]Dani Quintana: Həm çətin idi, həm də asan - MÜSAHİBƏ[/b]
21.05.2016 - 00:02
[b]Dani Quintana: Həm çətin idi, həm də asan - MÜSAHİBƏ[/b]

Mövsümü çempion olmaqla yanaşı, bombardir kimi başa vuran “Qarabağ”ın yarımmüdafiəçisi Dani Quintana AZAL üzərində qazanılan 3:0 hesablı qələbədən sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Başa çatan mövsümlə bağlı nə düşünürsüz?

- Asan olmayan mövsümü başa vurduq. Bundan sonra avrokuboklarda sözümüzü deməliyik. İndi orda uğur qazanmaq haqda düşünməliyik.

 

- Siz çempionluqla yanaşı, hamıdan çox qol vurduğunuza görə, mövsümü şəxsi titulla da qapadınız...

- Futbol komanda oyunudu. Bizim də komanda olaraq məqsədimiz çempion olmaq idi. Bunu bacardıq. Bombardir olmaq, fərdi titul qazanmaq ikinci dərəcəli uğurdu.

 

- Dediniz asan olmayan mövsümü arxada qoydunuz. Amma əvvəlki illərlə müqayisədə çempionluğu bu dəfə daha erkən rəsmiləşdirdiniz, ciddi müqavimətlə üzləşmədiniz. Belə vəziyyətdə sizin üçün çətin olan nə idi?

- Hər gün məşqlər edirdik. Oyunlara çox ciddi yanaşırdıq. Razıyam, həm çətin idi,  həm də asan oldu. Heç nə asanlıqla əldə edilmir.

 

- Qarşıda daha bir ciddi oyununuz qalıb. Ölkə kubokunu necə, başınız üzərinə qaldıra biləcəksinizmi?

- İndi çempionluğu qeyd edirik. Sabahdan isə "Neftçi" ilə keçirəcəyimiz kubok oyunu haqda düşənəcəyik. Əlbəttə, çətin olacaq. Rəqib də mövsümü titulla başa vurmaq istəyir.

 

- “Neftçi” arzuladığınız rəqibdi?

- Final oyununda şanslar bərabər olur. “Neftçi” cari mövsümdə heç bir titul qazanmadığına görə, ciddi hazırlaşır. Ona görə çətin, amma maraqlı oyun olacaq.

 

0