[b]"Qəbələ" əks-hücumlarda çox təhlükəli idi" - Darko Milaniç [/b]
18.08.2016 - 23:18
[b]"Qəbələ" əks-hücumlarda çox təhlükəli idi"  - Darko Milaniç  [/b]

“Çətin şərtlər altında çətin oyun keçdi. Bir sıra bəxtsiz vəziyyətlərə görə oyun uğursuz nəticə ilə başa çatdı”. Apasport.az saytının məlumatına görə, bunu “Maribor” klubunun baş məşqçisi Darko Milaniç deyib.

 

Sloveniya təmsilçisi Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Dalğa Arena”da “Qəbələ”nin qonağı olub. Qarşılaşma təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

48 yaşlı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında sözlərini bu cür davam etdirib: “Hesab 1:0 və 1:3 olanda da bizim şanslarımız var idi. Buna baxmayaraq, cavab görüşü üçün hər şey açıq olaraq qalır”.

 

- Rahat oynamağınıza “Qəbələ” imkan vermədi, yoxsa siz bura müdafiə futbolu oynamağa gəlmişdiniz?

- Əlbəttə ki, bura müdafiə üçün gəlməmişdik. İlk hissədə oyundan öncə planlaşdırdığımız işləri gördük. Rəqib geri çəkildi, topa nəzarət bizdə idi. Lakin onu da bilirdik ki, rəqib əks-hücumlarda çox təhlükəli idi.

 

- Bu gün sizin adınıza meydanda gözlənilməz olan hadisə nə idi?

- Oyunun nəticəsinə təsir edən gözlənilməyən bir məqam yox idi. Buraxılan qollar cərimə meydançasından qayıdan toplardan gəldi. İkinci qolda top bizdən gəldiyi üçün qol hesaba alındı. Üçüncü qolda da qapıçıya aşkar kobudluq edilmişdi. Həmin epizodlarda topu uzaqlaşdıra bilmədik. Bu, bizim bəxtsizliyimiz idi.

 

- Bu nəticədən sonra şansları necə dəyərləndirirsiniz?

- Dünən dediyim kimi, “Qəbələ” çox güclü rəqibdi. Bu fikrimdən daşınmıram. Buna baxmayaraq, qarşıda daha bir 90 dəqiqə var. Öz meydanımızda çıxış edəcəyik. Şanslarımız hələ də var. “Qəbələ”nin güclü komanda olması faktı dəyişməz olaraq qalır. Sadəcə, bəzi epizodlar bizim əleyhimizə işlədi. Bir sıra epizodlarda bəxtsizlik bizim tərəfimizdə oldu.

 

- “Maribor”un bəxti güclüdü, yoxsa “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının?

- Bir daha təkrarlamaq istəyirəm, bugünkü matç hər iki istiqamətdə cərəyan edə bilərdi. Xüsusən də, bizim əlimizə keçən fürsətləri nəzərə alsaq, meydandan daha gülərüz ayrıla bilərdik. Amma cavab oyunu üçün yaxşı şanslarımız qalır.

 

- Oyundan əvvəl rəqib komandanın baş məşqçisinin fikirlərinin sizin üçün maraqlı olmadığını demişdiniz. İndi necə, Roman Qriqorçukun fikirləri sizə maraqlıdımı?

- Dünənki fikrim dəyişmir. Hər kəs öz prizmasından baxır. Məni öz tərəfim maraqlandırır.