UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsi ilə bağlı statistik göstəriciləri açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun rəsmi saytında dərc olunan yazıda “Qarabağ”a da yer verilib.
Ağdam klubunun ilk dəfə ÇL-in qrupuna düşməsi xüsusi vurğulanıb. Məqalədə digər klublarla bağlı maraqlı məqamlar da öz əksini tapıb.
- “Barselona”, “Porto” və “Real” 22-ci dəfə ÇL-in qrup mərhələsində çıxış edəcək. “Bavariya” və “Mançester Yunayted”də isə bu göstərici 21-di.
- ÇL-in qrup mərhələsində 5 komanda 6 oyunun hər birində qələbə qazanıb. Bu nəticəni yalnız “Real” iki dəfə həyata keçirib.
- İker Kasilyasın adı 19-cu dəfə turnirin qrup mərhələsinin iştirak ərizəsinə daxil edilib.
- Debütantlar “Qarabağ” və “Leypsiq”lə qrup mərhələsinə yüksələn komandaların sayı ümumilikdə 137-yə çatıb.
- “Qarabağ” ÇL-in qrup mərhələsinə yüksələn ilk Azərbaycan komandası olub. Azərbaycan bu mərhələdə təmsil olunacaq 33-cü ölkədi.
- Çempionlar Liqasında qrupdan ardıcıl olaraq, ən çox çıxan komanda “Real”dı. Madrid klubu 21 dəfə növbəti mərhələyə adlamağı bacarıb.
- Qrupda ən çox (18) birinci yeri “Barselona” tutub.
- Qrup mərhələsində ən uzun məğlubiyyətsiz oyunlar seriyasına (10) “Barselona” imza atıb.
- Qrup mərhələsində bir mövsüm ərzində ən çox qol vuran komanda “Borussiya” olub. Dortmund təmsilçisi 2016/17 mövsümündə 21 dəfə rəqib qapılarına yol tapıb.
- Qrup mərhələsində 1 oyunda ən çox qol vurulan görüş ötən mövsüm keçirilmiş “Borussiya” (Dortmund) – “Legiya” (Varşava) matçı olub – 8:4.
- Qrup mərhələsində ən böyükhesablı qələbələr “Liverpul” – “Beşiktaş” (8:0, 2007/08) və “Real” – “Malmö” (8:0, 2015/16) oyunlarında qeydə alınıb.
- Ən məhsuldar heç-heçə 2000/01 mövsümündə “Hamburq” – “Yuventus” görüşündə (4:4) qeydə alınıb.
- Qrup mərhələsində ən çox təmsil olunan ölkələr bunlardı: İspaniya (83), İngiltərə (80), Almaniya və İtaliya (70).
- ÇL-in qrup mərhələsində 22 ölkə - Albaniya, Andorra, Ermənistan, Bosniya və Herseqovina, Estoniya, Farer adaları, Makedoniya, Gürcüstan, Cəbəllütariq, İslandiya, Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monteneqro, Şimali İrlandiya, İrlandiya, San-Marino və Uels heç vaxt təmsil olunmayıb.
- Qrup mərhələsində ən çox fərqlənən futbolçu Lionel Messidi (57). Kriştianu Ronaldonun aktivində 51, Rud van Nistelroyun isə 39 qol var.
- Bir mövsümdə qrup mərhələsində ən çox qol vuran futbolçu Kriştianu Ronaldodu (11 qol, 2015/16).