Keçən dəfə də belə olmuşdu. Ramil Diniyevi deyirəm. "Qarabağ" - "Neftçi" oyununda Rəhman Hacıyevin kobudluqla yıxıldığı epizodda zərərçəkəni simulyasiyaya görə sarı vərəqə ilə cəzalandırılıb, "ağ-qaralar"ın haqlı penaltisini verməyən, Rəhmanı isə növbəti oyun üçün cəzalı vəziyyətə salan hakimdən danışıram. Sonra nə oldu? Nə olasıdı? Sizin canınızın sağlığı. AFFA-nın İntizam Komitəsi (İK) toplandı, hamı bir səsdən dedi ki, bəs Diniyev səhv edib, Hacıyevin "sarı"sı da, cəzası da ləğv edildi.
Edildi edilməyinə, ancaq olan yenə "Neftçi"yə oldu. Necə deyərlər ana südü kimi halal penaltisi əlindən alındı. İndi də AZAL - "Qarabağ" oyunu. Bu dəfə də başqa bir hakim, Orxan Məmmədov heç nədən birincilərin futbolçusu Sadio Tounkaranı ikinci sarı vərəqə ilə meydandan qovdu. Epizoddan görünür ki, qərar kifayət qədər mübahisəli və şərhə açıqdı.
Nəticədə nə baş verdi? Turnir cədvəlinin lideri qarşısında erkən qolla hesabı açan komanda ən fəal oyunçusunu itirdi, komandada ruh düşkünlüyü yarandı, ikinci hissədə "Qarabağ" iki qol vurub qələbə qazandı. Lap tutalım ki, sabah İK yenə toplandı və bu dəfə Orxan Məmmədovu haqsız çıxarıb vərəqəni və Tounkaranın cəzasını ləğv etdi. Bəs AZAL-ın əziyyəti?
Axı kim təminat verə bilər ki, həmin qırmızı vərəqə olmasaydı, "təyyarəçilər" ağdamlılara uduzacaqdı? Bəs oyunçuların psixoloji vəziyyəti? Bəs, bəs, bəs... Bu bəsləri bəs deyənə qədər uzatmaq olar...
Deyir, molla bir gün ova çıxır, 5-10 bildirçin vurur. Gətirir evə, təmizləyir, duzunu, istiotunu vurur, yağda qızardır. Hazır yeməyi evdə qoyub, çıxır kənd arasında. Sən demə, məhəllənin lotuları bayaqdan bunu izləyirmişlər. Molla evdən çıxan kimi gəlib bişmiş bildirçinləri yığıb aparırlar. Yerinə də 3-4 dənə diri bildirçin qoyurlar. Axşam evə gələn molla qazanın ağzını elə həvəslə açır ki, yeməyini nuş eləsin. Bildirçinlər "pırrrr" eləyib, hərəsi bir tərəfə uçurlar. Molla mat-məəttəl baxır onların arxasınca, öz-özünə deyir ki, qurban olum kəramətinə, Allah böyükdü. Lap tutalım ki, quşları diriltdi, onlar da uçub getdilər. Bəs mənim əziyyətim, yağım, duzum nə oldu?
Bizim İK-nin də kəraməti böyükdü, tutaq ki, Rəhmanla Tounkaranı "diriltdilər", bəs "Neftçi" ilə AZAL-ın yağı, duzu, əziyyəti necə olacaq?
Zaur XUDİYEV