Topaz Premyer Liqasının XXXI turunun oyunlarından sonra 3 futbolçu cəzalı duruma düşüb. Apasport.az saytının məlumatına görə, “İnter”, “Kəpəz” və “Sumqayıt” növbəti tura tam heyətlə çıxa bilməyəcək.
Sonuncu iki komanda arasında qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Gəncə təmsilçisi Kərim Diniyevi itirib. Mövsümdə 4-cü dəfə sarı vərəqə alan futbolçu cəza üzündən “Rəvan”la matçı buraxacaq.
Öz qapısına qol vuran Pərdis Fərcad-Azad da 4-cü xəbərdarlığa üzülüb. O, “İnter”lə səfər qarşılaşmasında çıxış edə bilməyəcək.
Həmin oyunda “bankirlər” də Fuad Bayramovun xidmətindən yararlanmayacaq. Sonuncu “Qarabağ”la görüşdə qırmızı vərəqə aldığı üçün qarşıdakı turu buraxacaq.