[b]Diniyev varsa, “Qarabağ” qələbə qazanır[/b]
14.04.2016 - 11:28
[b]Diniyev varsa, “Qarabağ” qələbə qazanır[/b]

Topaz Premyer Liqasının XXX turunun “Neftçi” və “Qarabağ” arasında prinsipial oyununu idarə edəcək Ramil Diniyev mövsümdə 13-cü çempionat matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, referi arxada qalan 29 turda 12 dəfə baş hakim olub.

 

6 dəfə meydan sahibləri, 5 dəfə qonaqların qələbəsini qeydə alan Diniyev yalnız 1 matçda heç-heçəyə şahid olub. Bu bərabərlik də “Neftçi”nin görüşünə təsadüf edib.

 

XV turun həmin “Neftçi” – “Zirə” qarşılaşması (1:1) Diniyev üçün xoş olmayan xatirəylə də əlamətdardı. Belə ki, bərbad idarəçilik ona baha başa gəlib və 6 turluq istirahətlə nəticələnib. “Ağ-qaralar” 4, debütanta 3 sarı vərəqə göstərən hakimin qayıdışı isə XXII tura təsadüf edib.

 

Ümumiyyətlə, Diniyev “Neftçi”nin 3 oyununu idarə edib. III turun “Sumqayıt”la görüşündə hər komandaya 2 xəbərdarlıq edən referi IX turda “ağ-qaralar”a qarşı sərt olub. AZAL-ın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə “ağ-qaralar” hər iki qolu penaltidən buraxıb, Jairo Filyo Rodrigesin qırmızı vərəqəsi üzündən azlıqda da qalmışdı. Həmin görüşdə “təyyarəçilər” 3, ölkənin ən titullu klubu 4 vərəqə alıb.

 

“Qarabağ” üçün isə Diniyevi düşərli hakim hesab etmək olar. Ağdamlılar onun idarəçiliyi altına keçirilən bütün matçlarda qalib gəlib. I dövrədə “Rəvan” (2:1), “Xəzər Lənkəran” (1:0) və “Zirə”dən (4:1) üstün olan Qurban Qurbanovun yetirmələri iki tur öncə cənubluları 2:1 hesabı ilə də yenib. Bu matçların baş hakimi ağdamlılara 7, rəqiblərinə 4 sarı vərəqə göstərsə də, “Zirə”nin qapısına penalti də verib.

 

Diniyev cari mövsümdə idarə etdiyi qarşılaşmalarda hər 3 penaltisini qonaqların qapısına verib. Elə onun göstərdiyi hər iki qırmızı vərəqə də meydan sahiblərinin lehinə olub. Referinin cibindən çıxardığı 52 sarı vərəqə isə tərəflər arasında bərabər bölünüb. Maraqlıdı ki, onun 2016-cı ildə idarə etdiyi 3 qarşılaşmanın hamısında qonaqlar qalib gəlib.

 

 

0