“Qarabağ”ın futbolçusu Dino Ndlovunun ölkəmizdəki uğurlu çıxışı CAR-da da diqqətdən kənar qalmır. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu və kubokunun qalibi olan hücumçu vətənində tarixin ən yaxşı legionerləri sırasına düşüb.
Afrikalılar ötən əsrin 90-cı illərindən başlayan Avropaya axını araşdırıb və bu müddətdə ölkəni “Köhnə qitə”də ən yaxşı şəkildə təmsil edənlərin “onluğ”unu müəyyənləşdirib.
Siyahıda Hollandiya, Almaniya və İngiltərədə sözünü demiş Stiven Pienaar kimi adlı-sanlı veteran, həmçinin Çempionlar Liqasını qazanan yeganə CAR təmsilçisi Benni Makkarti, “Lids”in müdafiəsinin dirəyi olan Lukas Radebe kimi məşhur simalar da yer alıb. Bu oyunçular qədər sanballı karyerası olmasa da, Ndlovu da “onluğ”a düşüb.
“Qarabağ”ın legionerinin daxil olduğu siyahıda Bonqani Zunqu, Şon Bartlett, Tulani Serero, Kerin Cordan, Kamehelo Mokoto və Sibusiso Zuma kimi futbolçular da “onluğ”u tamamlayıb.