[b]Domaqoy Vida Bakıdakı xal itkisinin səbəbini açıqladı[/b]
14.04.2016 - 12:27
[b]Domaqoy Vida Bakıdakı xal itkisinin səbəbini açıqladı[/b]

“Seçmə mərhələyə yaxşı başlayıb, müəyyən müddət İtaliyanı da arxada qoymuşduq. Amma Azərbaycan və Norveçlə ardıcıl iki uğursuz matç baş məşqçi dəyişikliyinə səbəb oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin və Kiyev “Dinamo”sunun futbolçusu Domaqoy Vida deyib.

 

Ukrayna mətbuatına müsahibə verən xorvat müdafiəçi xeyli müddətdi çıxış etdiyi Premyer Liqa ilə yanaşı, yığma haqda da danışıb. Ötən ilin sonunda başa çatan AVRO-2016-nın seçmə mərhələsinin yekunlarına toxunan Domaqoy Azərbaycanla Bakıdakı görüşdə xal itirmələrinin səbəbini açıqlayıb: “Azərbaycanla heç-heçə oynayıb, Norveçə uduzduq. Əminəm ki, 3-cü pilləni tutsaydıq belə, Fransaya vəsiqəni qazanacaqdıq. Lakin məsələni bu qədər uzatmaq istəməyib, 2-ci yerlə final mərhələsinə çıxdıq. Məsuliyyət çox böyük idi. Yaxşı ki, hər şey lehimizə oldu. Xorvatiyada ardıcıl iki uğursuz matça çox pis yanaşdılar. Hesab edirəm ki, bizə yönələn tənqidlər ədalətli idi. Hami bizdən maksimum nəticə gözləsə də, oyunlara lazımi səviyyədə yanaşa bilmədik. Azərbaycandakı oyunun nəticəsini ot örtüyünün pis durumu ilə izah etmək olar. Norveçlə görüşdə isə köklənmə qənaətbəxş səviyyədə deyildi”.

 

Qeyd edək ki, 2015-ci il sentyabrın 3-də keçirilən Azərbaycan – Xorvatiya matçı 8-ci km qəsəbə stadionunda baş tutub və 0:0 hesabı ilə nəticələnib.