[b]Dünyanın ən bahalı çempionatı başlayır[/b]
04.03.2016 - 09:57
[b]Dünyanın ən bahalı çempionatı başlayır[/b]

Ulduz futbolçuların axın etdiyi Çin çempionatı bu gün start götürür. Apasport.az saytının məlumatına görə, yeni mövsüm öncəsi Çin klubları qış transfer dönəmində xərclədiyi pul sayına görə, Avropanın “böyük beşlik” (İspaniya, İtaliya, İngiltərə, Almaniya, Fransa) ölkələrini belə, geridə qoyublar.

 

“Qıyıqgözlər” transferlərə ümumilikdə 336 milyon 550 min dollar pul ödəyiblər. Bu baxımdan ikinci olan İngiltərə klubları heyətlərini gücləndirmək üçün 271 milyon 420 min dollar xərc çəkməli olublar. İtaliya A seriyası isə 3-cü sırada (96 milyon 960 min dollar) qərarlaşıb. Maraqlıdı ki, Çin ikinci liqasının klubları transferlərə 68 milyon 940 min dollar ödəyərək Almaniya, İspaniya və Fransa yüksək liqalarını geridə qoyub. Bundesliqa klubları 53 milyon 600 min, La Liqa təmsilçiləri 40 milyon 560 min, Liqa 1 komandaları isə 25 milyon 100 min dollar “tərləyiblər”.

 

Xərclənən yüz milyonların qarşılığında Aleks Teyşeyra, Renato, Auqusto, Paulinyo, Jo, Ramires, Dieqo Tardelli, Elkeson (hamısı Braziliya), Cekson Martines, Fredi Montero (hər ikisi Kolumbiya), Burak Yılmaz, Ərsan Gülüm (hər ikisi Türkiyə), Asamoa Qyan (Qana), Jervinyo (Fil Dişi Sahili), Ezekyel Lavezzi (Argentina), Demba Ba (Seneqal), Stefan Mbia (Kamerun), Obafemi Martins (Nigeriya), Qael Kakuta (Fransa), Marselo Moreno (Boliviya) kimi tanınmış futbolçular Çinə köçüblər.

 

Bununla yanaşı, braziliyalı Luis Felipe Skolari (“Quanqjou Everqrand”), Mano Menezes (“Şandonq Lunenq”), isveçli Sven-Yoran Eriksson (“Şanxay” SİPG), italiyalı Alberto Zakkeroni (“Beijinq Quoyan”), ispaniyalı Qreqorio Manzano (“Şanxay Şenxua”) və rumıniyalı Dan Petresku (“Jianqsu Suninq”) kimi məşqçilər də Çində fəaliyyət göstərəcəklər.

 

Asiya qitəsinə ən yüksək məbləğə yollanan futbolçu Aleks Teyşeyra olub. “Jianqsu Suninq” onun keçidi üçün Donetsk “Şaxtyor”una 55 milyon dollar ödəyib. Cekson Martinesin “Quanqjou Everqrand”a transferi “Atletiko”ya 45 milyon, Ramiresin “Jianqsu Suninq”ə keçidi isə “Çelsi”yə 30 milyon dollar qazandırıb.