Əfsanəvi futbolçu Ziko maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, o, “Barselona”nın üzvləri Lionel Messi və Neymarı müqayisə edib.
Ziko bu futbolçuların millidəki çıxışlarını dəyərləndirib. Onun fikrincə, Neymar Braziliya yığmasında Messinin Argentina millisində sərgilədiyi oyundan artığını edir: “Neymarın hələ də “Qızıl top” mükafatını qazanmaması ədalətsizlikdi. O, dünyanın ən yaxşı futbolçusu olmağı haqq edir. Neymar millidə həmişə Messidən üstün oynayıb. Sonuncu dəfə “Qızıl top” Kriştianu Ronaldoya qismət oldu. Ronaldo “Real”la Çempionlar Liqası və Portuqaliya yığması ilə Avropa çempionatının qalibi olduğu üçün mükafatı qazandı. Halbuki “Qızıl top” Neymara da verilə bilərdi”.
Qeyd edək ki, 2005-ci ildən Argentina yığmasının şərəfini qoruyan Messi millidə 117 oyunda 58 qola imza atıb. 2010-cu ildən Braziliya yığmasına çağırılan Neymar isə “pentakampeonlar”ın heyətində 77 matçda 52 dəfə fərqlənib.