Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa arenasında növbəti dəfə iş başında olub. Apasport.az saytının məlumatına görə, gənc hakim Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Gimaraeş” – “Zalsburq” görüşünü idarə edib.
İ qrupu çərçivəsində “Afonso Enrikiş” stadionunda baş tutan qarşılaşmada komandalar hərəyə 1 qol vuraraq, xalları yarı bölüblər. “Gimaraeş”in kapitanı Pedraonun 25-ci dəqiqədə vurduğu qola qonaqlardan Valon Berişa (45-ci dəqiqə) cavab verib.
Əliyar Ağayev görüş ərzində 40 dəfə oyuna müdaxilə etməli olub. Belə ki, ev sahibləri 16, qonaqlar isə 24 dəfə qayda pozuntusuna yol veriblər. Buna baxmayaraq, referi cəmi 1 sarı vərəqə ilə kifayətlənib. Onu da 90+4-cü dəqiqədə “Zalsburq”un yarımmüdafiəçisi Kristof Leytqeb alıb.