“Layiq görüldüyüm mükafat UEFA-nın rəsmi mükafatı deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında azərbaycanlı FİFA referisi Əliyar Ağayev deyib.
Ağayev 2016-cı ildə ən böyük inkişafa nail olan Avropa referisi üçün müəyyənləşdirilən “İlin parlayan ulduz hakimi” adına sahib olub. 29 yaşlı hakim son bir ildəki inkişafına görə bu nominasiyaya layiq görülüb. Lakin Ağayevə hər hansı mükafat təqdim olunmayacaq. Əliyar istənilən halda, bunu uğur kimi qəbul etdiyini bildirib: “O, saytın daxili seçimidi. Rəsmi olaraq, UEFA və FİFA tərəfindən keçirilməyib. Nəinki mən, digər hakimlərə də mükafat verilməyəcək. Amma istənilən halda, bunu uğur kimi qəbul edirəm. Təkcə mənim yox, həm də Azərbaycanın adına uğurdu. Yerli bloqpost deyil ki, deyəsən bizimkilər seçib. Sadəcə, rəsmi mükafat deyil. Bununla bağlı heç bir tədbir keçirilməyəcək”.
I kateroqiyaya keçmək məsələsinə də toxunan Ağayev qısa danışıb: “Bunun nə vaxt baş tutacağını zaman göstərəcək. Allahın köməkliyi ilə yaxşı olar”.