[b]Əliyar Ağayevin özəlləşdirdiyi oyun, Rəhim Həsənovun "het-trik"i...[/b]
17.03.2016 - 12:57
[b]Əliyar Ağayevin özəlləşdirdiyi oyun, Rəhim Həsənovun "het-trik"i...[/b]

AFFA-nın Hakimlər Komitəsi (HK) ciddi kadr çatışmazlığından əziyyət çəkir. Apasport.az saytının məlumatına görə, çox az sayda hakimin ümidinə qalan HK Topaz Premyer Liqasının turlarına təxminən eyni ədalət təmsilçilərini yollayır.

 

Hətta eyni komandaların bütün qarşılaşmalarında da bir hakimin fit çalması adiləşmək üzrədi. Bu gün açıqlanan XXVI turun təyinatları növbəti belə faktı ortaya qoydu.

 

Çempionatın liderləri – ilk “üçlük”də qərarlaşan “Qəbələ” ilə “Qarabağ” arasında oyun üçün başqa hakim tapmayan komitə yenidən Əliyar Ağayevə etimad göstərib. FİFA referisi cari mövsümdə 3-cü dəfə bu komandaların görüşündə fit çalacaq. Deyəsən, iki iddialı klubun oyununu idarə edəcək ikinci referi tapılmır.

 

Hər halda, Ağayev I turun “Qəbələ” – “Qarabağ” (2:2) və XVIII turun “Qarabağ” – “Qəbələ” (1:1) oyunlarında da baş hakim olmuşdu.

 

Eyni komandaların 3-cü duelinin də eyni hakimə tapşırılması ilə Ağayevin “het-trik”i rəsmiləşib. Bu, cari mövsümdə ikinci belə hadisədi.

 

İlk “het-trik” isə digər FİFA hakimi Rəhim Həsənovun hesabındadı. O, “Qəbələ”nin “İnter”lə matçlarını özəlləşdirib. IV turun “İnter” – “Qəbələ” (2:1), XII turun “Qəbələ” – “İnter” (1:1) matçlarını bu referiyə həvalə edən komitə XX turda da Həsənovu “İnter” – “Qəbələ” matçına (0:1) göndərmişdi.