Klublar Komitəsinin bugünkü iclası əsasən sədr dəyişikliyi ilə əlamətdar oldu. Fikrət Hüseynovun şahlıq dönəmi başa çatdı, 2017-ci il boyunca Kamran Quliyev hamını bir masa arxasında əyləşdirəcək. Müzakirələrdən tam xəbərimiz yoxdu, yalnız iştirakçıların müsahibələrinə əsasən, müəyyən qənaət formalaşdırmaq mümkündü. Yeni və köhnə sədrlərlə yanaşı, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun dediklərindən belə bəlli olur ki, əsas müzakirə mövzusu hakimlik olub. Amma buna daha çox Hüseynovla Nəcəfovun açıqlamalarında rast gəldik.
Fariz bəy “Qarabağ”la oyundan sonra sakitləşməyibsə, Fikrət bəy məhz elə Nəcəfovun rəhbərlərindən olduğu “Qəbələ” ilə oyundakı hakim səhvindən narazıdı. Kamran bəy isə bəlkə də yeni vəzifəsinin tələblərindən irəli gələn soyuqqanlaqlı daha çox diplomatcasına çıxışa üstünlük verib. İstənilən halda, ümumi ab-hava belədi ki, hakimlərdən yalnız “Qarabağ” narazı deyil.
Bu ana xətt əsasən AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun müsahibəsindən sezildi. Ona inansaq, sanki hamı ağdamlılara fərq qoyulmasından narazıdı və müzakirələr də yalnız bununla bağlı olub. Həm də “Qarabağ”ın təklənməsi yalnız hakimlik məsələsində olmayıb. Elə səsvermənin gedişi və nəticələr də bunu göstərir. Tədbirdə “Qarabağ”ı 2 nəfər – Əmrah Çəlikəllə Asif Əsgərov təmsil edibsə, digər klublar 1 nümayəndəylə kifayətlənib. Fariz Nəcəfov (Qəbələ), Orxan Hüseynzadə (Neftçi), Mikayıl Nərimanoğlu (Kəpəz), Fikrət Hüseynov (AZAL), Natiq İsmayılov (Zirə), Kamran Quliyev (Sumqayıt) komitənin iclasında yüksək vəzifəli şəxslərlə təmsil olunubsa, “İnter”də fərqli olub. Bakılıların yeni prezidenti Azər Əliyev təcili işi çıxması səbəbindən klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovu iclasa göndərib. Səbuhi bəy prezidentin verdiyi rəsmi etibarnamə ilə səsvermədə iştirak edib. Səsvermə başlamamış “Qəbələ”, “Neftçi”, “Zirə”, “Kəpəz” və AZAL namizədlikdən imtina ediblər. “İnter” nümayəndəsi isə sədrliyə namizədliyini irəli sürməyib, amma rəsmi imtina da olmayıb. Namizəd kimi real olaraq Əmrah Çəlikəl və Kamran Quliyev qalıb.
Yekun nəticə elan olunanda isə bəlli olub ki, “Qarabağ”ın namizədinə yalnız özləri səs verib – prosedur bunu qadağan etmir. Digər bütün klublar Kamran bəyi sədr görmək istəyincə, son qərar bəlli olub – 7:1. Yeri gəlmişkən, iclasda heç də Hüseynovun dediyi kimi yalnız hakimlik müzakirə olunmayıb. İnfrastruktur, uşaq futbolunun problemləri, maliyyə məsələləri də “masaya yatırılıb”. Beləliklə, Klublar Komitəsi 2016-cı ilə yekun vurdu. Yəqin ki, yanvardan etibarən yeni sədr qurumun işində irəliləyişə nail olmaq üçün müəyyən əmək sərf edəcək. Düzdü, qurum icra orqanı deyil, yalnız hansısa tövsiyələrlə gündəmə gələ bilər. Amma bir çox məsələlərin daimi müzakirəsi də bəzən qərar vermək üçün yetərli olur. Ona görə də bu gün haqqında daha çox danışılan məsələ olan hakimlik təkrar-təkrar müzakirə olunarsa, yəqin ki, AFFA rəhbərliyi bu mövzuya biganə qalmayacaq (futbolinfo.az).