Avrokuboklar tarixinin ən yaxşı braziliyalılarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA qitə miqyaslı klub turnirlərində ən çox oyun keçirən və daha çox qol vuran “sambaçılar”ı müəyyənləşdirib.
Ən məhsuldar futbolçular siyahısına Sonni Anderson başçılıq edir. “Servett”, “Monako”, “Barselona”, “Lion” və “Vilyarreal”da çıxış edən cənubi amerikalı qitə miqyaslı turnirlərdə 40 qol vurub. Onun məşhur həmyerliləri Rivaldo (39), Ronaldo (39) və Jardel (36) sonrakı yerlərdə qərarlaşıb. UEFA-nın siyahısına ən azı 27 qol vuranlar düşüb ki, sonuncu da Ronaldinyodu.
Azərbaycan klublarında ən çox qol vuran futbolçu olan Reynaldo 12 dəfə fərqlənib. Bunlardan 11-ni ölkəmizdə, “Qarabağ”da çıxış etdiyi vaxt rəqib qapısından keçirən braziliyalı siyahıdan çox uzaq düşüb.
Ən çox oyun keçirənlərin cədvəlinə Roberto Karlos 144, Daniel Alves 137, Luizao 121 matça çıxıb. Cədvələ 88 və daha çox oyun keçirənlər daxil olub. Çempionlar Liqası üzrə bu göstəricilərdəki rekordçular isə Roberto Karlos (121 oyun) və Rivaldodu (31 qol).