“Turan Tovuz”un hələ “Şahdağ”la oyununu stadiondan izləmişdim. Komanda ilə bağlı ətraflı məlumat toplaya bilmişdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Əsgər Abdullayev deyib.
“Neftçi” ilə yolları ayrılan çalışdırıcının I divizion təmsilçisi “Turan Tovuz”un baş məşqçisi postuna keçəcəyi bir neçə gün öncə dəqiqləşib. Komandanı “Neftçala” ilə oyuna məşqçilər korpusu ilə birlikdə Əsgər Abdullayev hazırlayıb. Həmin görüşdə “Turan Tovuz” səfərdə 1:0 hesablı qələbə qazanıb.
Buna baxmayaraq, Abdullayev Tovuz təmsilçisi ilə hələ müqavilə imzalamayıb. Əməkdaşımızla söhbətində buna aydınlıq gətirən məşqçi tezliklə sözləşməyə qol çəkəcəyini bildirib: “Şahdağ”la görüşü izlədikdən sonra komandanın məşqçiləri ilə birlikdə uşaqları “Neftçala ilə oyuna hazırladıq. Həmin görüşdə qalib gəldiyimizdən, komandanı oyuna mənim hazırladığımı demək düzgün deyil. Mən elə şeyləri xoşlamıram. Amma heyətdə bəzi dəyişikliklər etdik və vacib qələbə qazanıldı. O ki qaldı müqavilə məsələsinə, bu gün Tovuza gedəcəm və yaxın günlərdə münasibətlər rəsmiləşdiriləcək. Tovuza yol ölçməyə getmirəm ki... Təbii ki, müqavilə olacaq (gülür)”.
Əsgər Abdullayevin “Turan Tovuz”da köməkçilərindən birinin sabiq futbolçu Aqil Nəbiyev olacağı məlumdu. Onunla yanaşı, Tovuz təmsilçisinin keçmiş baş məşqçisi Nizami Sadıqov da Abdullayevə yardım edəcək.
Məlumatı təkzib etməyən Əsgər Abdullayev vaxtilə birgə işlədiyi Nizami Sadıqovla yenidən çalışmaq istədiyini bildirib: “Komandanı Nizami yığıb. Onun zəhmətini yerə vurmaq olmaz. Tovuzda görüşüb, danışacam. Yəqin ki, bu məsələ 2-3 günə dəqiqləşəcək”.
Qeyd edək ki, “Turan Tovuz” I divizionda növbəti görüşünü martın 24-də öz meydanında “Mil-Muğan”a qarşı keçirəcək.
Tengiz MƏMMƏDOV