[b]Əsgər Abdullayevin Kanales planı[/b]
03.03.2016 - 15:41
[b]Əsgər Abdullayevin Kanales planı[/b]

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində dünən “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” vaxt itirmədən çempionat matçının hazırlıqlarına başlayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi bu gün bərpa xarakterli məşq edib.

 

Martın 5-də “Qəbələ”ni qəbul edəcək “Neftçi” sabah günorta saatlarında daha bir məşq keçəcək və bu görüşün hazırlıqlarını yekunlaşdıracaq.

 

Zədəli futbolçulardan hücumçu Məhəmməd Qurbanov hələ də fərdi məşqlərlə kifayətlənir. Müdafiəçi Məqsəd İsayev isə hazırda müalicə alır. Hər iki futbolçu həftəsonu baş tutacaq görüşü kənardan izləməli olacaq.

 

Çilili hücumçu Nikolas Kanales isə bu gündən etibarən kollektivlə məşqlərə qoşulub. Düzdü, hələ də dönüşünü qeyd etməyən 31 yaşlı forvard hazırda 90 dəqiqə meydanda olmaq iqtidarında deyil. Amma baş məşqçi Əsgər Abdullayev toplu çalışmalarda iştirak edən Kanalesi “Qəbələ” ilə qarşılaşmanın ikinci hissəsində meydana buraxa bilər.

 

Qeyd edək ki, “Zirə” ilə ötən tur matçında qırmızı vərəqə alan yarımmüdafiəçi Cavid İmamverdiyev cəza ucbatından “Qəbələ” ilə oyunda iştirak etməyəcək.