Topaz Premyer Liqasında mövsümün ilk yarısının ən yaxşı bombardirlərinin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, futbolçuların məhsuldarlığı sarıdan kasad olan çempionatın ilk “onluğ”una düşmək üçün cəmi 3 qol da yetərli olub.
Lakin 3 dəfə fərqlənənlərdən yalnız ikisi – daha az oyun keçirənlər “Top-10”da qərarlaşıb. Burada yer alan digər 8 futbolçu isə 4 və ya daha çox qol vurub.
“Onluq”da liderlərin futbolçuları hegemonluq edir. “Qəbələ”nin 4 üzvü burada yer alıb. İlk iki pillədə qərarlaşan Baqali Dabo və Filip Ozobiç hərəyə 7 dəfə fərqlənib. Ruslan Qurbanov 4, Sergey Zenyov 3 qolla siyahıya düşüb.
“Qarabağ” və “İnter”in hərəsində 2 bombardir var. Sonuncularda Ruslan Abışov 5, Ağabala Ramazanov 4 dəfə rəqib qapısına yol tapıb. Ağdamlıların ən məhsuldar üzvü isə sönük çıxış etməsinə baxmayaraq Reynaldodu. Braziliyalı 4 dəfə azarkeşlərini sevindirib. Dino Ndlovu isə 3 qolla siyahıya düşməyi bacaranlardandı.
“Kəpəz”də Jülien Ebah, “Sumqayıt”da isə Mirabdulla Abbasov ən çox qol vuran oyunçulardı. Onların hər ikisi 4 dəfə bunu gerçəkləşdirib.
Üç komanda – paytaxt təmsilçiləri “Zirə” və autsayderlər “Neftçi” ilə AZAL “Top-10”da təmsil olunmayıb. Sonuncu iki komandanın heyətində 3 qol vuran Araz Abdullayev və David Canelidze var. Lakin onlar bu qolları Zenyov və Ndlovu ilə müqayisədə daha çox matçda vurmağı bacarıblar. “Zirə”də isə 2 dəfədən çox fərqlənən yoxdu. Yovan Krneta, Elvin Məmmədov və Gerhard Proqni hərəyə 2 qolla komandasının ən məhsuldar futbolçularıdı.
Topaz Premyer Liqasının 10 ən yaxşı bombardiri
1. Baqali Dabo (Qəbələ) – 7 (8 oyun)
2. Filip Ozobiç (Qəbələ) – 7 (14 oyun)
3. Ruslan Abışov (İnter) – 5 (13 oyun)
4. Reynaldo (Qarabağ) – 4 (10 oyun)
5. Ruslan Qurbanov (Qəbələ) – 4 (11 oyun)
6. Ağabala Ramazanov (İnter) – 4 (13 oyun)
7-8. Mirabdulla Abbasov (Sumqayıt) – 4 (14 oyun)
Jülien Ebah (Kəpəz) – 4 (14 oyun)
9. Sergey Zenyov (Qəbələ) – 3 (9 oyun)
10. Dino Ndlovu (Qarabağ) – 3 (10 oyun)