Sabah Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxacaq.
Ölkəmizin üç klubu fərqli məkanlarda fərqli nəticə üçün mübarizə aparacaq. Hədəfi eyni – mərhələ adlamaq olan komandalarımız ayrı-ayrı vaxtlarda tamaşaçılar önünə çıxacaq.
Azərbaycan klubları arasında ilk sınaq “Zirə”nin olacaq. Qəsəbə təmsilçisi öz meydanında “Astra”nı qəbul edəcək. Avrokuboklarda debüt mövsümündə bir mərhələ adlayan Ayxan Abbasovun yetirmələri uğurunu davam etdirmək üçün çətin vəzifənin öhdəsindən gəlməlidi.
Bakılılar ən azı 2 cavabsız qol vurmalıdı. İndiyədək heç bir Azərbaycan klubu səfərdəki 1:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilməsə də, zirəlilər mərhələ keçməyə iddialıdı. Komandalarımız üçün düşərli “Dalğa Arena”ya növbəti qələbə arzusu ilə çıxacaq “Zirə” azarkeşlərini sevindirməklə ölkə reytinqinə də xal əlavə etmiş olacaq. Bakılılar turu adlasa, Ukrayna “Aleksandriya”sı ilə görüşəcək. Bu rəqibin də keçilməz olmadığını nəzərə alsaq, pley-off şansları da olan təmsilçimiz üçün “Astra” ilə duel çox vacibdi.
Digər iki klubumuz səfərdə qüvvəsini sınayacaq. Öncə meydana “İnter” çıxmalıdı. Bakılılar səfərdə “Fola” ilə görüşəcək. Evdə 1:0 hesablı qələbə qazanan Zaur Svanadzenin yetirmələri üstünlüyünü qorumağa çalışacaq.
Gürcüstanlı mütəxəssislə ilk cəhdində 2 mərhələ adlayan “İnter” ən azı iki il əvvəlki nəticəni təkrarlamalıdı. İndiyədək Lüksemburq klublarına uduzmadığımızı nəzərə alsaq, paytaxt təmsilçisinin şansları realdı. Cari mövsüm bütün avrokubok görüşlərində qol sevinci yaşayan “İnter” Türkiyə nəhəngi “Qalatasaray”ı da ölkəmizə gətirməyə yaxındı. Çünki “Fola” səddi aşılsa, komandamız “Ostersun” – “Qalatasaray” cütünün qalibi ilə üz-üzə gələcək.
Polşada “Yagelloniya”nın qonağı olacaq “Qəbələ”nin işi nisbətən çətindi. Onlar “İnter” kimi üstünlüyü qorumağı deyil, nəticəni öz lehinə dəyişməyi düşünməlidi. Bakıdakı 1:1 hesablı bərabərlik polşalıların xeyrinədi.
Bu səbəbdən də Roman Qriqorçukun yetirmələri mütləq qol vurmalıdı. Çünki “Qəbələ”yə qələbə və ya məhsuldar bərabərlik lazımdı. Hücumameylli, məhsuldar oyun nümayiş etdirən “qırmızı-qaralar” ardıcıl iki dəfə düşdüyü qrup mərhələsinədək irəliləmək üçün bu səddi adlamalıdı. Qəbələlilər bu vəzifənin öhdəsindən gələ bilsə, iki il öncə qarşılaşdığı Yunanıstan “Pnatinaikos”una rəqib olacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
20 iyul
21:00. “Zirə” (Azərbaycan) – “Astra” (Rumıniya)
Baş hakim: Giorgi Vadaçkoria
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeyşvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 1:3
21:30. “Fola” (Lüksemburq) – “İnter” (Azərbaycan)
Baş hakim: Donatas Rumsas
Baş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Gerasimov (
Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Eş. Emil Mayriş stadionu
İlk oyun – 0:1
22:30. “Yagelloniya” (Polşa) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Konstantin Sebastyan Koltesku (Rumıniya)
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika (hər ikisi Rumıniya)
Dördüncü hakim: George Katalin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
Belostok. Şəhər stadionu
İlk oyun – 1:1
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək