[b]FİFA-nın yeni prezidenti Canni İnfantino oldu![/b] - YENİLƏNİB
26.02.2016 - 21:10
[b]FİFA-nın yeni prezidenti Canni İnfantino oldu![/b] - YENİLƏNİB

Bu gün İsveçrənin Sürix şəhərində FİFA-ya növbəti prezident seçkisi keçirilib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun Növbədənkənar Konqresində prezidentlik uğrunda   İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Cianni İnfantino, Asiya Futbol Konfederasiyasının  prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, FİFA-nın sabiq baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparıb.

 

Seçkilərin ilk turunda qalib müəyyənləşməyib. Belə ki, ən çox səsi İnfantino yığsa da, bu, ona qalib gəlmək üçün yetərli olmayıb. UEFA-nın keçmiş baş katibinə 88 ölkənin milli federasiyası səs verib. Şeyx Salman ibn-İbrahim əl-Xəlifə 85,  Əli bin əl-Hüseyn 27, Jerom Şampan isə cəmi 7  səs yığa bilib.


Nizamnaməyə görə heç bir namizəd qalib olmaq üçün lazım olan səslərin 2/3 hissəsini toplaya bilmədiyi üçün seçkinin nəticəsi növbəti turda müəyyənləşib.

 

Bu mərhələdə isə hər kəsi qabaqlayan İnfantino ali futbol qurumunun yeni prezidenti olub.

 

O, mümkün olan 207 səsdən 115-ini qazanaraq, ikinci turdakı ən yaxın rəqibi Şeyx Salmanı (88 səs) qabaqlayıb. İlk turun üçüncüsü Şahzadə Əli ibn əl-Hüseyn isə həlledici mərhələdə cəmi 4 səs toplaya bilib.

 

Yeni prezident 3 il müddətinə seçilib.

 

Qeyd edək ki, konqresdə AFFA-nı prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edib.