Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin klubu “Trabzonspor” FİFA-dan sürpriz xəbər alıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Qara dəniz təmsilçisi cəzaya məruz qalıb.
Buna səbəb klubun keçmiş futbolçusu Karl Medyaniyə olan borcunu ödəməməsidi. Məsələ burasındadı ki, Vahid Halilhodziçin dönəmində transfer edilən Medyani maaşının ödənilmədiyini əsas gətirərək, 2015-ci ilin noyabrında müqaviləsini təktərəfli ləğv etmiş və FİFA-ya müraciət ünvanlamışdı. Əlcəzairli oyunçu 285 min avro alacağı ilə yanaşı, qarşı tərəfin 2 milyon 235 min avro təzminat ödəməsini tələb etmişdi. “Bordo-mavililər” də boş oturmamış, düşərgəni icazəsiz tərk edən Medyanini FİFA-ya şikayət etmişdi. Superliqa təmsilçisinin istədiyi məbləğ isə 1 milyon 665 min avro idi.
Məsələni araşdıran ali futbol qurumu futbolçunu haqlı çıxarıb. Verilən qərara əsasən, “Trabzonspor” Medyaniyə olan 285 min avroluq borcu qısa müddətdə ödəməli və əlavə 500 min avro təzminat cəriməsi verməlidi. Bu qərarla razılaşmayan Türkiyə təmsilçisi isə İdman Arbitraj Məhkəməsinə müraciət etmək qərarına gəlib.