21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin son oyundakı rəqibi Finlandiya ciddi itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar oktyabrın 7-də baş tutacaq qarşılaşmada iki aparıcı futbolçusunun xidmətindən məhrum olacaq.
Buna səbəb onların Almaniya ilə dünən keçirilən görüşdə sarı vərəqə almaqlarıdı. 0:1 hesablı məğlubiyyətə üzülən şimallıların iki üzvü turnirdə 3-cü sarı vərəqəsini alıb.
Dani Hatakka Farer adaları ilə ev, Avstriya ilə səfər və dünən keçirilən Almaniya ilə ev matçlarında xəbərdarlıq alıb. 22 yaşlı müdafiəçi bu üzdən millimizlə görüşü buraxmalı olacaq.
Moştaq Yaqubi isə seçmə mərhələdə 2-ci dəfə cəzalı duruma düşüb. Avstriya səfərində qırmızı vərəqə alan 22 yaşlı yarımmüdafiəçi daha 3 matçda xəbərdarlıq görüb. Rusiya ilə ev, Almaniya ilə hər iki görüşdə cəzalanan oyunçu oktyabrın 7-də meydana çıxa bilməyəcək.