[b]Fransa klubuna “Qəbələ” zərbəsi[/b]
07.02.2017 - 13:40
[b]Fransa klubuna “Qəbələ” zərbəsi[/b]

“Qəbələ”nin Avropa Liqasının III seçmə mərhələsində “Lill” üzərində qazandığı qələbədən 7 ay vaxt keçməsinə baxmayaraq, fransızlar hələ də həmin oyunları unuda bilmirlər. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, “xoruzlar” “Lill” klubunun uğursuz mövsüm keçirməsini məhz “Qəbələ” ilə əlaqələndirirlər.

 

Belə ki, həmkarlarımız iki oyunun yekununda “Qəbələ”yə məğlub olaraq avrokuboklarla vidalaşan “qırmızı-ağlar”ın məhz bu üzdən mövsümə uğursuz start götürdüyünü düşünürlər.

 

PSJ ilə həftəsonu keçiriləcək çempionat matçı ilə bağlı dərc edilmiş məqalədə “Lill”in cari mövsümdəki çıxışı dəyərləndirilib: “Lill” mövsümə elə uğursuz başlanğıc etdi ki, özünə gəlməyə vaxtı olmadı. Azarkeşlər “çoban itləri”nin bu baxımdan, xüsusən də, “Qəbələ” ilə Avropa Liqası oyunlarını unuda bilmirlər. Həmin vaxt Azərbaycan təmsilçisi sensasiyalı şəkildə “Lill”i üstələyərək mərhələ adlamışdı. Bu yenilgi komandaya o qədər mənfi təsir etmişdi ki, mövsümün əvvəli məğlubiyyətlər ard-arda gəldi və “qırmızı-ağlar” autsayderlər zonasında qərarlaşdılar. Bir də qış fasiləsi ərəfəsində baş məşqçi Patrik Kollo yetirmələrini toparlaya bildi. Komanda hazırda turnir cədvəlinin 12-ci pilləsində qərarlaşır. Mövsümün sonuna hələ çox oyun qalsa da, çətin ki, “Lill” liderlər qrupuna yaxınlaşa bilsin. Üstəlik, nəzərə alaq ki, təhlükəli zonada qərarlaşan “Anger”lə cəmi 3 xallıq fərq var. Yəni daha 1-2 məğlubiyyət “Lill”i yenidən autsayderlər zonasına yollaya bilər”.

 

Qeyd edək ki, “Qəbələ” Fransada qollu bərabərə (1:1) qaldığı “Lill” üzərində Bakıda 1:0 hesablı qələbə qazanaraq, “pley-off” mərhələsinə vəsiqə əldə etmiş, ordan isə qrupa qədər irəliləmişdi.