Futbolda statistika çox önəmlidi. Komandanın fiziki, taktiki hazırlığı ilə bərabər, rəqib haqda informasiya da qələbədə çox böyük rol oynayır. Ən güclü klubların belə zəif nöqtələrini təhlil edib, xalsız qoymaq mümkündü...
Bəhs edəcəyimiz hekayə də bununla əlaqəlidi.
***
Stajlı azarkeşlər yaxşı xatırlayır... 1988-ci ilin Avropa çempionatı, Münhendəki final matçı. Atalarımızın, əmilərimizin azarkeşlik etdiyi SSRİ yığması Hollandiya ilə qarşılaşır.
Matçda hesabı Ruud Qullit açır. Daha sonra dünya futbol tarixinin ən yaxşı hücumçularından biri hesab olunan Marko van Basten ən yaxşı qollarından birini vurur. Həm də Rinat Dasayevin qoruduğu qapıya.
Sonralar o qolu Dasayev belə xatırlayacaq: “Van Bastenin zərbəsi çox qəribə idi. 100 dəfə həmin mövqedən o şəkildə qapıya zərbə olsa, 99-u qol olmazdı. Ancaq bu vəziyyətdə hollandın bəxti gətirmişdi”.
İkinci hissədə SSRİ geri dönüş etmək üçün əla şans əldə etdi. “Narıncılar”ın qapıçısı Hans van Brekelenin Sergey Qotsmanova qarşı kobudluğunu hakim penalti olaraq dəyərləndirdi. Topun arxasında isə İqor Belanov var idi - o dövr Kiyev “Dinamo”sunun və SSRİ millisinin ulduzu.
Zərbə zəif və təsirsiz alınmışdı. Van Brekelen üstünə gələn topu qaytararaq bəlkə də komandasının tarixindəki ilk və yeganə çempionluğunu qazanmasında ən böyük rollardan birini oynamışdı.
Belanov uzun illər sonra verdiyi müsahibəsində uğursuzluq haqqında belə danışırdı: “Münhenin Olimpiya Stadionunda tribunalar meydançadan çox aralıdı. Belə olanda qapı çox balaca və alçaq görünür. Penaltini vurarkən mənə elə gəlirdi ki, sanki qapı çox dardı. Adətən zərbəni qüvvətlə mərkəzə doğru vururam. Çünki qapıçı istər-istəməz zərbədən əvvəl sağa, ya sola meyllənir. Bu dəfə də mərkəzə doğru vurdum, ancaq mümkün qədər topu yerə sıxdım ki, üstən çölə çıxmasın. Van Brekelen isə öz sağına tərəf tullansa da, son anda ayağı ilə zərbəni qaytara bildi. Həmin gün və ondan sonra nə baş məşqçi, nə də komanda yoldaşlarım tərəfindən heç bir təzyiqlə üzləşmədim. Ancaq bu vəziyyət illər boyunca yadımdan çıxmadı. Gecələr yuxuma girib kabusuma çevrilmişdi. Çox xəcalət çəkirdim. Hətta aradan 20 il keçməsinə baxmayaraq, indi də oyun yadıma düşəndə kövrəlirəm”.
Final haqqında sonralar açıqlama verən Vasili Rats da həmin penalti epizodunu xatırlamışdı: “Oyundan sonra Protasovla məni dopinq testə dəvət etdilər. Otaqda Hollandiya yığmasının qapıçısı Van Brekelen də var idi. Protasov ingilis dilində bildiyindən Van Brekelenə dedi ki, əslində, penaltini mən vurmalı idim, amma Belanov vurdu. Necə oldu ki, topun istiqamətini tutdun? Van Brekelen isə cavab verdi ki, məndə oyundan əvvəl penalti vuranların siyahısı və göstəricilər var idi ki, kim hansı istiqamətə daha çox vurur.
O zaman Protasov soruşdu ki, mən vursaydım, hansı səmtə vuracaqdım?
Van Brekelen cavab verdi. Protasov dönüb mənə dedi ki, Vasya, düz deyir”.
***
Bir az da əvvələ gedək...
1970-ci illərdə Yan Reker adlı hollandiyalı bir məşqçi minlərlə futbolçu ilə bağlı “kart arxivi” toplamağa başlamışdı. Diqqət çəkdiyi əsas məsələlərdən biri də penalti zamanı oyunçuların zərbəni hansı tərəfə vurduğu idi.
Yazımızın qəhrəmanlarından biri olan Hans van Brekelen milli matçlardan əvvəl tez-tez Rekerlə əlaqə saxlayaraq ondan kiçik məlumatlar alırdı.
1988-ci ilə qədər bu tanışlığa kimsə ciddi fikir verməmişdi. Həmin ilin mayında heyətində Brekelenin də yer aldığı PSV “Benfika” ilə Çempionlar Liqasının finalında qarşılaşırdı.
Ştutqartda baş tutan həlledici oyundan əvvəl Van Brekelen həmişəki kimi Rekerlə danışmışdı. Oyun da gözlənildiyi kimi penalti seriyasına kimi uzandı. İlk zərbələrdə “arxiv kartlar”ı çox da işə yaramırdı. “Benfika”nın ilk 5 penaltisinin hamısı qol olmuşdu, ancaq qəhrəmanımız Velosun yerinə yetirdiyi 6-cı zərbəni dəf etməyi bacarmış və PSV Çempionlar Kubokunun qalibi olmuşdu.
Bir ay sonra isə Hollandiya millisi oxşar şəkildə, buna bənzər daha bir zəfər qazanmışdı.
AVRO-1988-in finalında Van Brekelenin ehtiyatsız toxunuşu penaltiyə səbəb olduğu zaman Hollandiya millisi SSRİ qarşısında 2:0 hesabı ilə öndə idi.
Ancaq qapıçı Rekerin məlumat bazasından bir daha faydalanaraq penalti zərbəsini yerinə yetirən sovet oyunçusu İqor Belanovun zəif vuruşunu qaytarmışdı.
***
Futbolda statistik göstəricilər, rəqib haqqında informasiyalar çox önəmlidir...
Zaur XUDİYEV