Son illər idman sahəsində, xüsusən də, futbol meydanlarında ölüm hadisələri adi hala çevrilib. Apasport.az saytının məlumatına görə, əksər hallarda futbolçular məşq, oyun zamanı ürəktutmasından vəfat edirlər.
Ancaq ikili mübarizələr zamanı, rəqibin sərt müdaxiləsindən sonra ağır duruma düşənlər də olur. Topaz Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən “İnter” – “Sumqayıt” görüşü buna əyani sübutdu. Qarşılaşmanın son dəqiqələrində sifətinə zərbə alan “bankirlər”in hücumçusu Rauf Əliyev huşunu itirərək, hər kəsi qorxuya salmışdı. Dərhal xəstəxanaya aparılan yığma komandamızın oyunçusuna beyin silkələnməsi diaqnozu qoyulsa da, xoşbəxtlikdən, həkimlərin müdaxiləsi onu xilas etməyə yetmişdi. Növbəti belə hal da “İnter”in oyunçusunun başına gəlmişdi. Belə ki, ötən tur “Xəzər Lənkəran”la matçda müdafiəçi İlkin Qırtımov başından zərbə alaraq, xəstəxanaya aparılmaq məcburiyyətində qalmışdı.
İndi ortaya belə bir sual çıxır: futbolçular sığortalanırlarmı və bu məsələ necə tənzimlənir?
AFFA-nın hüquqşünası Rəmiş Malıyev əməkdaşımızla söhbətində klubların bütün oyunçuları sığortalamalı olduqlarını söyləyib: “Futbolçuların həyat sığortası mütləq olmalıdı. Burda iş klublara düşür. İdmanda ölüm hadisələrinin baş verməsi, əsasən, fiziki yüklənmələrlə bağlı olur. Bu, müəyyən mənada təbiidi. Peşəkar idman travmatikdi. Əgər insan anatomiyasına düzgün riayət olunsa, onun tələb etdiyi qaydalara uyğun hərəkət edilsə, belə hallar baş verməz. Riayət olunmadıqda da meydanda ölüm hadisəsi yaşanır. Futbolçuların, ümumiyyətlə, bütün idmançıların sığortaları olmalıdı ki, ailələrinə, yaxınlarına sığorta ödənişləri edilsin. Klublarımızda bu baxımdan vəziyyətin necə olduğunu bilmirəm. Amma bu, mütləq şərtdi”.
Malıyev adi oyun epizodunda rəqibinə ölümcül zərbə vuran futbolçuların məsuliyyətə cəlb edilmədiklərini də vurğulayıb: “Hər hansı bir oyun zamanı rəqibin kobud hərəkətindən sonra yerə yıxılan və vəfat edən futbolçu ola bilər. Amma bu halda xətər yetirən oyunçu məsuliyyət daşımır. Bu, idmanın spesifikasıdı. Bu səbəbdən də ona hər hansı bir cinayət işi açılmır”.
“Sumqayıt” klubunun prezidenti Kamran Quliyev isə çempionatda iştirak edən bütün klubların oyunçularını sığortalamaq məcburiyyətində olduqlarını söyləyib: “Bizim sponsorumuz “PAŞA Həyat Sığorta” şirkətidi. Bütün futbolçularımız da sığortalanıb. İkincisi, lisenziya ilə bağlı sənədləri təqdim edəndə, gərək sığorta polislərini də verək. Yəni mövsüm öncəsi futbolçuların siyahısını Peşəkar Futbol Liqasına təqdim edəndə, onların sığorta olunmaları haqqında şəhadətnaməni də verməliyik. Bu, çox vacibdi. Bir sözlə, bütün klublar bunu təqdim etmək məcburiyyətindədilər”.
PFL-in Texniki İdman Departamentinin rəhbəri Zamiq Hüseynov bildirib ki, klublar mövsümün əvvəlində futbolçuların sığortalandığını bildirən sənəd təqdim edirlər: “Həmin sənədi hansısa sığorta şirkətindən alırlar. Bu, bir tələbdi. Komandalar bütün heyətin sənədlərini bizə təqdim edirlər. Futbolçuların sığortalanması digər tərəfdən klubların özlərinə də xeyirdi. Çünki belədə əlavə xərcə düşmürlər. Müqavilədə qeyd edilir ki, futbolçunun alacağı hansısa bir zədəni müalicə etdirmək klub öhdəliyindədi”.
AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da hər mövsüm öncəsi futbolçuların sağlamlığı ilə bağlı bəyannamə aldıqlarını deyib: “UEFA-nın belə bir tələbi var ki, futbolçular ildə ən azı bir dəfə tibbi baxışdan keçirilməlidilər. Mövsümöncəsi də klubdan bəyannamə alırıq ki, bütün futbolçular tibbi baxışdan keçib”.
“Qarabağ”ın həkimi Səhhət Rüstəmzadə isə meydanda ölüm hadisələrinin əsasən ürəktutmasından baş verdiyini deyib. Bunu qəfil ölüm kimi dəyərləndirən Rüstəmzadə tibbi sahədə ildən-ilə inkişafın olmasına baxmayaraq, belə halların qarşısını almağın hələ ki, mümkün olmadığını qeyd edib.
Həkim bildirib ki, hər hansı bir zərbə olmasa belə, idmançı qəflətən meydanda yıxıla, huşunu itirə bilər: “Ola bilsin ki, bəzi idmançılar hansısa dopinq mənşəli dərman qəbul edirlər ki, bu da ölümə aparır. Mən inanmıram ki, mövsümöncəsi hansısa futbolçu müayinədən keçirilməsin. Bəzən idmançının hər hansı bir problemi olur və meydanda yüklənməyə dözə bilmir. Belə halda da ölüm hadisəsi baş verə bilər. Qəfləti ölümün səbəbi bilinmədiyindən, heç kim öncədən bu hadisənin qarşısını ala bilmir. Belə bir şeyi araşdırmaq da çətin məsələdi. Elə buna görə, qəfləti ölüm deyirlər. Ürəktutması olur və ya beyində hansısa proses gedir, tənəffüs yolunda spazm yaranır. Bu hallar mində bir adamın başına gələ bilir. Amma idman aləmində hər zaman ölüm hadisəsi baş verib. Bir sözlə, qəfləti ölümün öncədən qarşısını almaq məhduddu, müəyyən mənada mümkün deyil”.
Ruslan SADIQOV
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi