[b]Futbolçumuz Dohada dubl etsə...[/b]
07.03.2017 - 17:46
[b]Futbolçumuz Dohada dubl etsə...[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin ilk ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə beynəlxalq oyunlarda ən azı 2 top vuranlar yer alıb.

 

Millidə və qitə kuboklarında vurulan qol sayında 54 futbolçu bunu bacarıb. Cədvələ isə “Lester”in əlcəzairli hücumçusu İslam Slimani başçılıq edir. O, yığmada 4 qol vurub.

 

“Astana”nın konqolu legioneri Junior Kabananqa, “Əl-Əyn” və Səudiyyə Ərəbistanı yığmasında çıxış edən Nasser Əl Şamrani və “Lester”in digər əlcəzairlisi Riyad Mahrez hərəyə 3 dəfə fərqlənib. Onlar bütün qolları millidə vurub. Eyni sayda qol vuran digər 5 futbolçu isə buna qitə kuboklarında nail olduğu üçün yalnız 5-ci yerə şərikdi.

 

Siyahıda Azərbaycan təmsilçiləri yer almayıb. Buna səbəb isə klub və yığmamızın arxada qalan dövrdə beynəlxalq matç keçirməməsidi. Bu il ilk rəsmi matçına martın 9-da çıxacaq millimizin üzvləri siyahıya düşmək imkanı qazanacaq. Bunun üçün Dohada dubl da kifayətdi. Daha yüksək pillələr üçün isə gerçəkləşməsi inandırıcı görünməyən het-trik və poker lazımdı.