“Qəbələ” Topaz Premyer Liqasının XX turunda “Kəpəz”lə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, fevralın 28-də baş tutacaq qarşılaşma komandalar arasında 15-ci oyun olacaq.
İlk dəfə 2010/11 mövsümündə üz-üzə gələn rəqiblər indiyədək 14 dəfə qarşılaşıb. Bu matçların hamısı çempionat çərçivəsində baş tutub. Üstünlük “qırmızı-qaralar”ın tərəfindədir.
6 qələbə qazanan Roman Qriqorçukun komandası 4 heç-heçə edib və 4 dəfə məğlub olub.
Son üç görüşdə də “qırmızı-qaralar” qalib gəlib. 25 qolun vurulduğu duellərdə “Qəbələ” 14, “Kəpəz” 11 dəfə fərqlənib.
Əvvəlki matçların 8-ni evdə, 6-nı səfərdə keçirən “Qəbələ” rəqib meydanındakı ilk 5 matçda 2 heç-heçə edib, 3 dəfə uduzsa da, son qarşılaşmadan qələbə ilə ayrılıb. Səfər oyunlarındakı top fərqi 3:7-dir.
Maraqlıdır ki, “Qəbələ”nin 14 qoluna fərqli futbolçular imza atıb. Hazırda heyətdə olan Baqali Dabo, Ruslan Qurbanov, Filip Ozobiç və Tellur Mütəllimov yenə fərqlənmək imkanına malikdir.
(gabalafc.az)