“Qarabağ”ın futbolçusu Vild Donald Gerye Topaz Premyer Liqasının XXV turunda “Zirə” ilə keçirilən matçdan sonra apasport.az saytına müsahibə verib. Haitili oyunçu qalib gəldikləri (2:1) qarşılaşmadan sonra müdafiədə oynamasına aydınlıq gətirib.
- Oyun istədiyiniz məcrada keçdi?
- Baş məşqçimiz bizə deyir ki, bütün oyunlarda meydana qələbə üçün çıxmalısınız. Biz də işimizi görməyə çalışdıq, sona qədər mübarizə apardıq. Yekunda lazım olan 3 xalı qazandıq.
- Matçın əvvəllərində yersiz sarı vərəqə aldınız. Buna ehtiyac var idimi?
- Həmin epizodda ayağımdan zərbə almışdım. Hakimə bunu göstərməyə çalışdım. Referi də hərəkətimi düzgün qəbul etmədi və sarı vərəqə göstərdi. Halbuki ayağımı ona görə göstərirdim ki, zərbə aldığımı izah edim.
- Eyni zamanda bərabərlik qolunu vurdunuz...
- Bu gün sol cinah müdafiəçisi kimi çıxış edirdim. Unutmayaq ki, öz mövqeyim cinah yarımmüdafiəçisidi. Düzdü, dünyada bunun nümunələri çoxdu. Məsələn, Marselo da sol cinahda oynamasına baxmayaraq, qollar vurur. Qol vurduğum üçün sevincliyəm. Ümumilikdə bu gün işim çox oldu. Komanda şəkində çox əziyyət çəkdik. İşimizi əla qiymətləndirirəm. Bu əziyyət də hədər getmədi.
- Ansi Aqolli meydana daxil olduqdan sonra yarımmüdafiəyə keçdiniz. Harda oynamaq sizin üçün daha rahatdı?
- Əsl mövqeyim yarımmüdafiədi. Təbii ki, burda oynamaq mənə daha rahatdı. Çünki karyeram boyu belə oynamışam. Yalnız 19 yaşımda sol cinah müdafiəçisi kimi çıxış etmişəm. Hətta məni Avropaya yarımmüdafiəçi kimi gətirmişdilər. Hər zaman belə oynamışam. “Qarabağ”a da bu mövqenin üzvü kimi qoşulmuşam. Aqolli zədələndiyi üçün müdafiəyə keçmişəm. Baş məşqçinin qərarıdı, hörmətlə yanaşmalıyam. Mənim işim futbol oynamaqdı. Əgər məni bu mövqedə görürsə, əlimdən gələni etməliyəm.