[b]Giqqz, Messi və Mahmud Qurbanovun çatışmayan çempionluqları[/b]
04.03.2016 - 14:02
[b]Giqqz, Messi və Mahmud Qurbanovun çatışmayan çempionluqları[/b]

Avropanın ən titullu futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA klub və yığmada ən çox mükafat qazanan oyunçuları müəyyənləşdirib.

 

Qitənin titul sarıdan ən zəngin futbolçusu uelsli Rayan Giqqzdi. Bütün uğurlarını “Mançester Yunayted”də əldə edən yarımmüdafiəçinin hesabında 25 titul var. “Seltik” və “Liverpul”da ümumilikdə 24 mükafata yiyələnən Kenni Dalqliş siyahıda 2-cidi. Ukraynalı Aleksandr Şovkovski ilə ispaniyalı Andres İnyestanın hərəyə 23 uğuru var. Dünyanın ən yaxşı futbolçusu Lionel Messi 20 titulla geridə qalıb.

 

Ümumilikdə isə siyahıda ən azı 17 titul qazanmış 29 futbolçu yer alıb. UEFA-nın rəsmi saytının hazırladığı yazıda təmsilçisi olmayan Azərbaycanın rekordçusu Mahmud Qurbanovdu.

 

“Professor” ləqəbli yarımmüdafiəçiyə ən yaxşılar arasına düşmək üçün 2 mükafat kifayət etməyib. Belə ki, Qurbanov klub karyerasında 15 titula yiyələnib. 1996/97 mövsümünə təsadüf edən mübahisəli çempionluğu “Neftçi”yə saymaq şərtilə 11 dəfə qızıl medala yiyələnən yarımmüdafiəçi ölkə kubokunu cəmi 4 dəfə əldə edib. 2001/02 mövsümünün yarımçıq dayandırılması isə onun bir addımlığında olduğu çempionluqdan məhrum edib. Bəzi mənbələr həmin mövsümü Qurbanovun 12-ci çempionluğu kimi qələmə versə də, əslində buna 11 dəfə nail olan rekordçumuzun ümumi titul sayı 15-di.

 

Qeyd edək ki, UEFA-nın siyahısında ölkə superkubokunda qazanılan titullar nəzərə alınmayıb.