“Əgər Əziz Yıldırım özü mənə zəng etsəydi, komandada qalmağa razı olacaqdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının müdafiəçisi Gökhan Gönül deyib.
31 yaşlı futbolçu uzun illərdi şərəfini qoruduğu “Fənərbaxça” klubu ilə yeni müqavilə imzalamayıb.
Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən Gönül məsələyə aydınlıq gətirib. “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımın onu pulu üstün tutmaqda günahlandırması və “Ya müqavilə bağlasın, ya da getsin” sözlərini deməsi təcrübəli futbolçunun xoşuna gəlməyib: “Başqanın açıqlaması məni narahat etdi. Bu günə qədər hər şeyini “Fənərbaxça”ya vermiş, ailəsi “Fənər”li olan, bu komandanın kapitanlığına gətirilmiş biri olduğum halda, öz camiəsində pul dalınca qaçan futbolçu kimi göstərildim. Bunların heç biri doğru deyil və məni çox məyus etdi. Əslində isə gözləyirdim ki, başqan zəng edib “Sən bizim övladımızsan, əsl “Fənərbaxça”lısan” deyəcək. Bu, komandada qalmağım üçün bəs edəcəkdi. Əziz Yıldırım isə əksinə 8 ildə mənimlə cəmi 2 dəfə çempion olduqlarını söylədi. Neçə ildi əldən qaçan çempionluqlar ancaq mənim üzümdəndi? Qürurum qırıldı. Mübahisəyə daha çox girmək fikrim yoxdu. Nə özümü, nə də klubu çətin vəziyyətdə buraxmaq istəmərəm. Amma hamı bilsin ki, mən vicdanım qarşısında rahatam”.
Əziz Yıldırımın açıqlamasından dərhal sonra Gökhan meneceri Ahmet Buluta zəng edərək, “Mənim üçün “Fənərbaxça” dövrü bitdi. Avropa çempionatı bitənə qədər mənə transferlə bağlı heç nə demə. Fikrim indi yalnız milli komandada olmalıdı” deyib.
Pulu heç vaxt dəyərlərdən üstün tutmadığını bildirən Gönül karyerasını Avropada davam etdirmək istədiyini vurğulayıb: “Həyatını ailəsinə, sevdiyi və inandığı dəyərlərə həsr edən insanam. Bu yaşıma qədər əyilmədim. Pul heç vaxt əsas məqsədim olmayıb. Buna görə də, haqqımda deyilən sözlər iftiradı. Bunun isbatı “Fənərbaxça”da keçirdiyim illərdi. Peşəkar futbolçu kimi imzaladığım müqavilələr rəsmi sənədlərdə mövcuddu. “Fənərbaxça” ilə yeni müqavilə bağlamamağımın yeganə səbəbi şəxsiyyətimə qarşı göstərilən münasibətdi. Avropa çempionatının sonuna qədər heç bir klubla anlaşmayacağam və yeni komandamla imzalayacağım müqavilənin məbləği “Fənərbaxça”dakından bir qəpik də artıq olmayacaq. Bu an üçün hədəfim karyeramı Avropada davam etdirməkdi. Son olaraq, bütün “Fənərbaxça” tərəfdarlarına minnətdaram”.