[b]Görünməmiş ənənə[/b]
09.02.2017 - 11:36
[b]Görünməmiş ənənə[/b]

Azərbaycan Premyer Liqasında görünməmiş seriya qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Zirə” arasında görüşlərdə ardıcıl 5-ci dəfə bir komanda eyni hesabla qalib gəlib.

 

Belə ki, XVII turun dünən baş tutan qarşılaşmasında Qurban Qurbanovun yetirmələri rəqib qapısından 2 cavabsız qol keçirib. Bunadək baş tutan son 4 görüşdə də eyni hal müşahidə olunmuşdu.

 

Ənənənin əsası 2015/16 mövsümünün ikinci yarısında qoyulub. Çempionatın 2016-cı ilə təsadüf edən hissəsində hər iki oyunda bu hesab qeydə alınıb. Ağdamlılar martın 5-də evdə, mayın 1-də səfərdə 2:0 hesabına sevinib.

 

Tendensiya cari mövsümə də sirayət edib.  Mövsümün ilk yarısında hər iki qarşılaşmada hesab dəyişməz olub. Sentyabrın 19-da Ağdam təmsilçisinin, noyabrın 6-da isə Bakı klubunun ev matçında “Qarabağ” 2 cavabsız qol vurub.

 

2016-cı ildə 4 dəfə eyni hesabla uduzan “Zirə” bu “şakər”indən 2017-ci ildə də qurtulmayıb. Nəticədə dünənki görüş də onların 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

 

Düzdü, 2015-ci ildə baş tutan ilk iki matç fərqli nəticələnib. Ağdamlılar əvvəl 4:1 hesabı ilə qalib gəlib, sonra qolsuz heç-heçə yaşanıb. Amma bunlar ənənədən öncəki dövrdə qalıb.

 

1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində belə hal heç vaxt yaşanmayıb. Hansısa komanda eyni rəqibini dəfələrlə, 5 dəfədən də çox məğlub edib, hətta quru hesablar da sıralanıb. Amma nəticələr fərqli olub.

 

“Qarabağ” – “Zirə” oyunlarındakı ənənəvi hesabın 5-ə çatmasına qədər ardıcıl 4 dəfə yaşanan 3 cütlük var idi. Yəni bu komandalardan başqa daha iki cütdə tərəflərdən biri eyni hesablı qələbələri 4 dəfə təkrarlamışdı. Amma onlar seriyanı 5-ə çatdırmayıb.

 

2011-12-ci illərdə AZAL “Kəpəz”ə 4 dəfə eyni hesabla qalib gəlib. Özü də elə “Qarabağ” – “Zirə” görüşündəki hesabla – 2:0. Amma 2013-cü ildə bakılılar özləri seriyanı 3 cavabsız qol vurmaqla qırıb.

 

2009-10-cu illərdə “Qəbələ” “Turan”ı ardıcıl 4 dəfə eyni hesabla üstələyib. Hər dəfə 1:0 hesabı ilə qalib gələn qəbələlilər 2011-ci il aprelin 9-daki qarşılaşmada 2 cavabsız qola sevinib.