“Qəbələ” yay hazırlıqlarının ikinci mərhələsini Avstriyada davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın yoxlama oyunundakı daha bir rəqibinin adına aydınlıq gəlib.
Roman Qruqorçukun yetirmələri Erediviziyası təmsilçisi “Utrext”lə qarşılaşacaq. Bu barədə Hollandiyanın “AD” portalı xəbər yayıb. Bildirilib ki, hazırlıqlarını “Qəbələ” kimi Avstriyada Zalsburq bölgəsində gerçəkləşdirən niderlandlılar plana görə, “Rubin”, “Ufa” və Kiyev “Dinamo”su ilə oynamalı imiş. Ancaq ukraynalılarla matç təxirə salınıb. Bu isə hollandiyalıların təmsilçimizlə qarşılaşmasına səbəb olub.
Məlumatı saytımıza komandanın meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib. Klub rəsmisi bildirib ki, iyulun 8-i keçirilməsi gözlənilən yerli "Linz"lə oyunun əvəzinə "Utrext"lə matç olacaq.
Qeyd edək ki, hazırlıqların ikinci etapında 3 oyun keçirməyi planlaşdıran “Qəbələ” artıq ilk matçına çıxıb. Təmsilçimiz Avstriyanın “Qrodiq” komandasını darmadağın edib - 7:0. Növbəti qarşılaşma isə Kiyev “Dinamo”su ilə nəzərdə tutulub. Bu oyun iyulun 4-də keçiriləcək.