[b]İbrahim Qədirzadə: Xoşlamadığın komandaya qol vurmağın ləzzəti başqadı [/b]
03.03.2016 - 16:51
[b]İbrahim Qədirzadə: Xoşlamadığın komandaya qol vurmağın ləzzəti başqadı  [/b]

“Xəzər Lənkəran” klubunun gənc yarımmüdafiəçisi İbrahim Qədirzadənin apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyununda “Neftçi”yə (3:2) qalib gəldiniz. Bunu gözləyirdizmi?

- Real baxdıqda çempionatda heç bir şansımız qalmayıb. Yeganə ümidimiz kubokadı. Bunu bizə baş məşqçimiz Elbrus Məmmədov da deyib. Neçə oyun idi yaxşı çıxış etməyimizə baxmayaraq, qol çatışmırdı. Bunun üzərində çox işləyirdik, bəhrəsini də “Neftçi” ilə oyunda gördük. Meydana yalnız qələbə üçün çıxmışdıq. Azarkeşlərin də bizdən yeganə tələbi bu idi. Hətta hesab 2:2 olanda da azarkeşlər stadionu tərk etmədilər, bizi dəstəklədilər. Qələbə topunu vurmağımızda onların rolu böyük oldu.

 

- 2:0 hesabı ilə önə keçsəniz də, üstünlüyü qoruya bilmədiz. Buna nə səbəb oldu?

- Yəqin ki, arxayınlaşdıq. Çünki artıq 2 top fərqi ilə önə keçmişdik. İki qoldan sonra iştahamız artdı. Fikirləşdik ki, ardını gətirək, böyük hesabla qələbə qazanaq. Rəqib isə bizi əks-hücumdan cəzalandırdı.

 

- Bu görüşdə qol vurmağınız çoxları üçün sürpriz oldu...

- Kimin qol vurması önəmli deyil. Əsas komandanın qələbə qazanmasıdı. Amma qol vuranlar arasında olduğum üçün çox sevindim. Neçə oyun idi ki, belə şanslarımız olurdu, dəyərləndirə bilmirdik.

 

- “Xəzər Lənkəran”ın heyətində qol vuran ən gənc futbolçu kimi, bu klubun tarixinə düşdüz. Bundan xəbəriz var?

- Vallah, heç xəbərim yoxdu. Bildiyim qədərilə burda qol vuran ən gənc oyunçu Elnur Cəfərov olub.

 

- Xeyr, bu rekord 10 il idi ki, Rahid Əmirquliyevə məxsus idi...

- Rekordun Rahidə məxsus olduğunu bilmirdim. Özümün rekordu yenilədiyimi də indi sizdən öyrəndim. Əlbəttə, çox sevindirici haldı ki, klubun tarixinə düşmüşəm. İnşallah, davamı gələr.

 

- Rahid Əmirquliyev “Xəzər Lənkəran” tarixində ən çox oyun keçirən futbolçudu. O, 320 oyunla rekordun əlçatmaz sahibidi. Sabiq kapitanın bu rekordunu da yeniləməyi istərdizmi?

- Çox istərdim. “Xəzər Lənkəran” mənim doğma klubumdu. Burda əsas heyətə düşmüşəmsə, uzun illər formasını geyinməyi niyə istəmirəm ki? Nə qədər ki, klub var, bunu gerçəkləşdirmək mümkündü.

 

- “Neftçi”ni 1 top fərqi ilə məğlub etdiniz. Kubokun cavab görüşündə bu sizə çətinlik yaratmayacaq?

- Düzdü, qələbəyə həm biz, həm də azarkeşlərimiz sevindi. Əvvəlki matçlarla müqayisədə bu dəfə oyuna çox azarkeş gəlmişdi. Arxayınlaşmamışıq. Bakıdakı oyunda da “vuruşacağıq”. Allahın köməyi ilə növbəti mərhələyə keçən komanda biz olacağıq.

 

- “Xəzər Lənkəran”da, demək olar ki, təcrübəli futbolçu qalmayıb. Bu amil sizin kimi gənc oyunçuların inkişafına mənfi təsir etmir?

- Bəli, təcrübəli oyunçu kimi yalnız Orxan Sadıqlının adını çəkmək olar. Rahid Əmirquliyev burda olanda yarımmüdafiədə onunla birlikdə oynamaq imkanım yaranmışdı. 4-5 matçda onunla çiyin-çiyinə çıxış etmişəm. Rahid bizə çox kömək edirdi. Səhvlərimizi deyirdi ki, bir daha təkrarlamayaq. Təcrübəli oyunçu ilə birgə oynayanda daha sürətlə “artırırsan”.

 

- Əksər lənkəranlı futbolçular “Neftçi”də oynamaq istəmirlər. Siz necə, gələcəkdə “Neftçi”nin formasını geyinə bilərsizmi?

- Mən uşaqlıqdan “Xəzər Lənkəran” fanatı olmuşam. Çünki bu klubun akademiyasından çıxmışam. “Neftçi”dən heç vaxt xoşum gəlməyib. Xoşlamadığın komandaya qol vurmağın ləzzəti isə başqadı. Düzdü, orda dostlarım çıxış edir, çox yaxşı münasibətimiz var. Amma “Neftçi”də oynamaram.

 

- Yığmamızın baş məşqçisi Robert Prosineçki gənclərlə işləməyə üstünlük verir. Siz necə, özünüzü yaxşı tərəfdən göstərib, gənc yaşda əsas yığmaya qədər irəliləyəcəyinizə inanırsızmı?

- Əlbəttə, çox istərdim. Düzdü, tərif baş ucalığıdı. Amma çox tərif də yaxşı deyil. İstəmirəm ki, bəzi futbolçular kimi, “ulduz xəstəliyi”nə tutulum. Nə həddən artıq tez, nə də gec irəli getmək istəyirəm. Rahid Əmirquliyev kimi, ildən-ilə “artırmağa” çalışacam. Onun kimi, həmişə eyni səviyyədə qalmaq daha yaxşı olardı.

 

- Avropada azarkeşlik etdiyiniz və formasını geyinmək istədiyiniz klub varmı?

- U-17 liqasında, əvəzedicilərdə çıxış edəndə ən böyük arzum əsas komandaya düşmək və burda qol vurmaq idi. Şükürlər olsun, buna nail oldum. Təbii ki, hər bir futbolçu xaricdə oynamaq istəyər. Mənim Avropada azarkeşlik etdiyim komanda “Mançester Yunayted”di. Qismət olarsa, mən də o komandanın formasını geyinməyi arzulayardım. Amma bunun üçün çox çalışmalıyam ki, o səviyyəyə çatım.

 

Rəvan ƏKBƏR