Azərbaycan Premyer Liqasında XVII turun hakim təyinatları bir çox maraqlı məqamları üzə çıxarıb. Apasport.az saytının məlumatına görə, Ramil Diniyev yenə oyunsuz qalıb.
XV turda baş tutan “Qarabağ” – “Neftçi” (1:1) qarşılaşmasında qonaqların təmiz penaltisini “yeyən” və AFFA İntizam Komitəsi tərəfindən Rəhman Hacıyevə göstərilmiş sarı vərəqə ləğv edilərək səhvi təsdiqlənən Diniyev ötən turda olduğu kimi, yenə kənarda qalıb. AFFA Hakimlər Komitəsi bununla referinin cəzasının hələ bitmədiyini göstərib.
Ancaq Diniyevdən fərqli, ötən turda səhv baxımından ondan heç də geri qalmayan Fariz Yusifovla Orxan Məmmədov cəzasız qalıblar. Həm “Qəbələ” – “Neftçi” (1:0) matçında meydan sahiblərinin ofsayddan vurduğu qolu qeydə alan Yusifov, həm də AZAL - “Qarabağ” (1:2) görüşündə birincilərin oyunçusunu haqsız yerə meydandan qovan Məmmədov buna görə cavab verməyib. Halbuki hər iki referinin bu qərarı qarşılaşmaların nəticəsinə və gedişatına birbaşa təsir etmişdi. Komitə sədri Xaqani Məmmədov onlara bu dəfə baş hakim yox, 4-cü hakim kimi ehtiyac duyub. Bununla sədr sanki referilərinə yüngül cəza kəsmiş olub.
Bu ildən FİFA referisi adını daşıyan Ömər Paşayev də oyun idarə etməyəcək. Bununla belə, o, iki matçda əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Əvvəlcə bu gün Qəbələdə yerli komandanın AZAL-la görüşündə İnqilab Məmmədova kömək edəcək Paşayev yol yorğunluğunu üzərindən atmamış sabah “İnter”lə “Neftçi” arasında keçiriləcək paytaxt derbisində iş başında olacaq.
Qeyd edək ki, çempionatın XVII turu çərçivəsində bu gün “Qəbələ” – AZAL, “Qarabağ” – “Zirə”, sabah isə “Sumqayıt” – “Kəpəz” və “İnter” – “Neftçi” oyunları baş tutacaq.