Fransanın “Monako” klubu tarixinin rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, Liqa 1-in XXVIII turunda “Nant”ı 4:0 hesabı ilə məğlub edən “Knyazlıq klubu” çempionatdakı qol sayını 82-yə çatdırıb.
Bu isə monakoluların Fransa çempionatının bir mövsümü üçün rekord göstəricisidi. 1977/78 mövsümünü 79 qolla başa vuran klub 39 ildən sonra həmin nəticəni arxada qoyub. Çempionatın sonuna hələ 10 tur qaldığından Leonardu Jardimin yetirmələri rəqəmi daha da yüksəltmək imkanına malikdi.
Azərbaycan Premyer Liqasında isə cari mövsümdə ən çox qol vuran komanda “Qəbələ”di. Əyalət klubu “Monako”dan iki dəfə az – 41 qola sevinib. 36 qol vuran “Qarabağ”la 31 dəfə fərqlənən “İnter” isə “Monako” ilə müqayisədə 2 dəfədən də çox geri qalır.
Digər 5 komanda – “Zirə”, “Sumqayıt”, “Neftçi”, AZAL və “Kəpəz” hamısı bir yerdə 79 qol vurub. Bu da “Monako”nun qollarından 3 top azdı.