[b]İlin ən güclü hakimləri açıqlandı[/b]
26.12.2016 - 12:24
[b]İlin ən güclü hakimləri açıqlandı[/b]

2016-cı ilin ən güclü futbol hakiminin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Mark Klattenburq olub.

 

Qurumun internet saytında aparılan, 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda ingilis referi 141 səs toplayıb. O, ən yaxın izləyicisi olan italiyalı Nikola Ritsolini 76 səs qabaqlayıb. Üçüncü yerə isə macar hakim Viktor Kaşşai layiq görülüb – 55 səs. Türkiyəli FİFA referisi Cüneyt Çakır 28 səslə 5-ci pillədə qərarlaşıb.

 

Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev də ilk pillədə Mark Klattenburqun adını qeyd edib.

 

İlin ən güclü qadın futbol hakimi də bilinib. Macarıstanlı Katalin Kulçsar 58 səslə birinci olub. 53 səs toplayan ukraynalı Katarina Monzul və Bibiana Steynhaus isə ikinci pilləni bölüşüblər.