19 yaşadək qızlar arasında Avropa çempionatının bu gün keçirilən püşkatması Azərbaycan yığmasını iki tanış rəqiblə üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin 4-cü qrupunda çıxış edəcək millimiz yalnız Albaniya ilə ilk dəfə qarşılaşacaq.
Qrupdakı digər iki komanda isə əvvəllər də yığmamıza rəqib olub. Millimiz Ukrayna ilə 3 dəfə görüşüb. Hər üç matçda 3 xalı rəqib qazanıb. 2007-ci ildə 0:3, 2014-cü ildə 0:1 hesabı ilə uduzan komandamız iki ay öncə 1:2 hesabına üzülüb.
İspaniya ilə yalnız bir oyun keçirmişik. İki ay öncə keçirilən qarşılaşmada pireneylilər amansız olub. Belə ki, yığmamız 0:7 hesabı ilə uduzub.
Qeyd edək ki, yığmamız həm Ukrayna, həm İspaniya ilə daha bir dəfə qarşılaşıb. 2009-cu ildə baş tutan və nəticəsi ləğv edilən matçlarda İspaniyaya 0:2 hesabı ilə yenilən yığmamız Ukraynanı 1:0 hesabı ilə məğlub edib.