DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan San-Marino yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, “cırtdanlar” İtaliya yığması ilə üz-üzə gəliblər.
Zəif rəqibi qarşısına ehtiyat qüvvə ilə çıxan “Skuadra Adzurra”, gözlənildiyi kimi, asan qələbə qazanıb. Belə ki, görüş yığmamızın rəqibinin 0:8 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
İtaliyalıların qollarına Canluka Lapadula (3), Canmarko Ferrari, Andrea Petanya, Mattia Kaldara, Matteo Politano və Covanni Bonini (öz qapısına) imza atıblar.
Qeyd edək ki, millimiz seçmə mərhələdə San-Marino ilə səfərdə keçirdiyi ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Robert Prosineçkinin yetirmələri bu komanda ilə Bakıdakı oyuna isə sentyabrın 4-də çıxacaqlar.