[b]Jayro Rodriges: Mütləq “rekord”a az qalıb[/b]
26.10.2016 - 00:02
[b]Jayro Rodriges: Mütləq “rekord”a az qalıb[/b]

“Neftçi”nin futbolçusu Jayro Filyo Rodriges mövsümdə 3-cü dəfə avtoqol müəllifi olub. Apasport.az saytının məlumatına görə, ilk olaraq Topaz Premyer Liqasının III turunun “Qarabağ”la avqustun 21-də keçirilən qarşılaşmasında (0:3) öz qapısına qol vuran braziliyalı, daha sonra sentyabrın 10-da baş tutan IV turun “Qəbələ” ilə görüşündə (0:8) də eyni xətaya yol vermişdi. Jayro bir də çempionatın IX turunda dünən baş tutan “Qarabağ”la oyunda öz qapıçısını məyus edib.

 

Bununla da Rodriges üç dəfə avtoqola imza atan 4-cü futbolçu kimi Azərbaycan çempionatları tarixinə düşüb. O, Natiq Qasimov, Ayxan Abbasov və Saşa Yunisoğlunun antirekorduna şərik çıxıb.

 

Lakin Jayro öz qapısından ən çox - 3 qol keçirmiş əcnəbi futbolçu kimi də tarixə düşüb. Braziliyalı eyni mövsümdə 1-dən artıq avtoqol edən 5 oyunçudan biridi.

 

Jayro 2005/06 mövsümündə ikisi eyni oyunda olmaqla öz qapısına 3 qol vuran Natiq Qasımovun (MOİK) bu antirekordunu da təkrarlayıb. Ruslan Abışov (“Neftçi”) 2011/12, Eltun Yaqublu isə (AZAL) 2014/15 mövsümlərində 2 dəfə üzüntü yaşayıb.

 

Ümumilikdə isə Jayro 1-dən çox avtoqol müəllifi olan 20 futbolçudan biridir. 4 oyunçu 3 dəfə belə uğursuzluqla üzləşibsə, 16 futbolçu 2 dəfə öz qapıçısını məyus edib.