Adətən qapıda ilk seçimi Anar Nəzirov olan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov “Neftçi” ilə mərkəzi oyunda “çərçivə”ni Kamal Bayramova həvalə etmişdi. Oyundan sonra apasport.az saytına müsahibə verən qolkiper inamlı oyununu belə izah edib.
- Sizi kubok oyunları zamanı meydanda görürdük. Premyer Liqa matçlarında isə “çərçivə”ni Anar Nəzirov qoruyurdu. “11-lik”də meydana çıxmağın özün üçün necə, gözlənilməz olmadı?
- Baş məşqçinin qərarıdı. Anar da, mən də baş məşqçinin verdiyi qərara hörmətlə yanaşırıq. Həqiqətən də bu oyun böyük məsuliyyət demək idi. “Neftçi” qış fasiləsindən sonra yüksəlişdə idi. İstər-istəməz gərginlik var idi, çünki çoxdan idi oynamırdım. Həm də oyunun mahiyyətini dərk etdiyimdən, bu gərginlik yaranmışdı.
- Hadisələrin bu şəkildə cərəyan edəcəyi gözlənilən idi?
- Bilirdik ki, “Neftçi” qış fasiləsinə qədər qarşılaşdığımız komanda deyil. Cinahları çox güclənib, asmalar edirlər, hücuma sürətlə çıxırlar. Biz də məşqlərdə bu həmlələri dəf etməyin üzərində işlədik. Şadam ki, bizə tapşırılanları meydanda icra edə bildik.
- Xüsusilə də birinci hissədə cərimə zərbəsindən vurulan topu dəf etməklə həm özündə, həm də komandanda inam yaratdın...
- Oyuna hazırlaşmaqdan, motivasiyadan asılı olan bir reaksiyadı bu. Nə qədər hazır olsaq da, çoxlu məşq etsək də, Allahın köməyi olmadan uğur qazanmaq mümkün deyil.
- Əslində hər kəs “Neftçi”nin yüksəlişdə olduğunu deyir. Amma qış fasiləsindən sonra elə “Zirə”nin nəticələri də pis deyil. Fasilədə baş məşqçi nəyi dəyişdi?
- Komandaya təcrübəli legionerlər dəvət edildi. Eyni zamanda, yerli futbolçularımız da yaxşı formadadırlar. Bunların vəhdəti uğurlarımızın əsasını təşkil edir.
- Hədəf avrokuboklara vəsiqə qazanmaqdı?
- Komandanın qarşısına qoyulan məqsəd, hədəf qalib gələ bilmiriksə, məğlub da olmamalıyıq. Oyundan-oyuna yüksəlişdəyik. Əgər bu hədəfimizi yerinə yetirə bilsək, medala da, avrokuboklara da yolumuz açılacaq. Bütün yollar bundan keçir – qələbə qazana bilmiriksə, uduzmamalıyıq!
- Anardan “çərçivə”ni aldığınızı demək olarmı?
- Anarın komandada əməyi, əziyyəti böyükdü. Ötən il qazanılan gümüş medalda, eləcə də komandanın bu mövsümdə əldə etdiyi nəticələrdə onun xidmətləri var. Sadəcə, baş məşqçinin qərarıdı bu. Baş məşqçi sərəncamında olan 3 qapıçıdan hansına şans versə, komandanın uğur qazanması üçün əlimizdən gələni edəcəyik.