Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin Portuqaliya Futbol Federasiyası (PFF) tərəfindən cəzalandırılması “Boavişta” rəhbərliyinin narazılığına səbəb olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, klub rəsmiləri federasiyadan həmyerlimizə verilən 3 oyunluq cəzanın azaltmasını tələb edib.
Portuqaliya çempionatının XVII turunda “Benfika” ilə səfər matçı başa çatdıqdan sonra rəqib futbolçu ilə insident yaşadığı üçün qırmızı vərəqə alan Ağayevə görə “Boavişta” apellyasiya verəcək.
Klub məsələ ilə bağlı bəyanat yayaraq, narazılığını bildirib: “Futbolçumuz Kamran Ağayevə verilən 3 oyunluq cəzanı çox ağır hesab edirik. “Benfika” ilə matçdan sonra yaşananları televiziya vasitəsilə bütün azarkeşlər izlədilər, rəqib oyunçuların aktyorluq və təxribata çəkmə bacarıqlarının yüksək səviyyədə olduğunu gördülər. Bu haqsızlıq “Boavişta”ya mənfi mənada təsir göstərməyəcək. Haqsızlıq qarşısında susmaz fikrimiz də yoxdu”.
Qeyd edək ki, “Benfika” – “Boavişta” qarşılaşması 3:3 hesabı ilə nəticələnmişdi.