[b]Kamran Ağayevə 47 dəqiqə çatmadı[/b]
12.11.2016 - 00:19
[b]Kamran Ağayevə 47 dəqiqə çatmadı[/b]

Azərbaycan milli komandasının quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin ilk 3 oyununda qol buraxmayan komandamız Şimali İrlandiya ilə Belfatdakı qarşılaşmada məyus olub.

 

Yığmamız ötən il AÇ-2016-nın oktyabrın 13-də keçirilən Bolqarıstanla seçmə görüşündən (0:2) 395 gün sonra qol buraxıb. Bunadək San-Marino və Norveçi 1:0 hesabı ilə məğlub edən, Çexiya səfərindən qolsuz heç-heçəylə dönən komandamızı 27-ci dəqiqədə Kayl Lafferti üzüb.

 

Bu, cari tsikldə buraxılan ilk qol olub. Beləliklə, millimiz ardıcıl 3 quru oyun keçirməklə, özünün seçmə mərhələlərdəki rekordunu təkrarlasa da, yeni nailiyyətə imza ata bilməyib.

 

Bunadək isə yalnız bir dəfə qapıçımız ardıcıl 3 dəfə qol buraxmamışdı. Belə hal AÇ-2016-nın ötən il keçirilən Malta (2:0), Norveç (0:0) və Xorvatiya (0:0) ilə görüşlərində yaşanmışdı. Yığmamız həmin göstəricini təkrarlasa da, ötənilki seriyada qeydə alınan mütləq rekordu yeniləyə bilməyib.

 

Həmin vaxt 378 quru dəqiqə keçirən Kamran Ağayevin bu dəfə rekorda 47 dəqiqəsi çatmayıb. O, bu matçadək seçmə mərhələdə son qolu ötən tsiklin Bolqarıstanla səfər matçının 56-cı dəqiqəsində buraxmışdı. Bundan sonra qolkiper 331 dəqiqə qol qapısını quru saxlayıb.