“Baş verən hadisə haqda danışmaq mənə çox çətindi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Parana” klubunun kapitanı Eduardo Brok deyib.
Avtomobil qəzasında dünyasını dəyişən Jonas Pessallinin komandası B seriyasında növbəti oyununu keçirib. Aşağı liqa təmsilçisi VII tur çərçivəsində səfərdə “Nautiko”nu 2:1 hesabı ilə üstələyib.
Matçdan sonra Braziliya telekanalına açıqlama verən Brok komanda yoldaşının ölümünə toxunub. Göz yaşlarına hakim ola bilməyən müdafiəçi qələbəni Pessalliyə həsr etdiklərini bildirib: “Jonasın ailəsinə dəstək olmaq istəyirəm. Onları güclü olmağa çağırıram. Pessalli 3 gözəl övladını qoyub getdi. O, böyük insan idi. Bəziləri etiraf etməsə də, bu belədi. Mən Jonasla uzun illər bir yerdə yaşamışam. Buna görə də, onun necə gözəl ürəyinin olduğunu bilirdim. Əminəm ki, Pessallinin ruhu qələbə qazanmağımıza kömək etdi. Qalibiyyəti Jonasa həsr edirik”.
Brok Pessalli ilə “Qremio”nun gənclər komandasında bir yerdə çıxış edib. Onların yolu bu ilin əvvəlində, “Parana”da yenidən kəsişib.
Kapitan bundan sonrakı bütün görüşlərə Pessallinin ruhuna hörmət əlaməti olaraq, qələbə qazanmaq üçün çıxacaqlarını qeyd edib: “Biz çox gözəl insanı itirdik. O, əsl dost idi. Bundan sonra bütün qələbələrimizi Jonasa həsr edəcəyik”.
Qeyd edək ki, Jonas Pessalli karyerası ərzində “Neftçi”nin də formasını geyinib.