[b]Karyerasını davam etdirən ulduz veteranlar və azərbaycanlı əkizlər[/b]
12.05.2016 - 13:09
[b]Karyerasını davam etdirən ulduz veteranlar və azərbaycanlı əkizlər[/b]

Futbol müasirləşdikcə, gənc oyunçulara təlabat artır. Apasport.az saytının məlumatına görə, Avropa klubları transfer dönəmlərində artıq yeni kəşf edilən gənclərə üstünlük verirlər.

 

“Bavariya”nın 19 yaşlı Renato Sançes üçün “Benfika”ya 35 milyon avro ödəməsi buna əyani sübutdu. Ancaq gənclərin yanında mütləq təcrübəli oyunçular da olmalıdı. Böyük klublar əsasən məhz təcrübəlilərə böyük önəm verir, gənclər də onların yanında futbolun sirlərini öyrənirlər.

 

Elə futbolçular da var ki, artıq təcrübəli yox, veteran sayılırlar. Son illər yaşı ötən məşhur futbolçular karyeralarını ya ABŞ-da, ya ərəb ölkələrində, ya da Hindistan, Çin və Avstraliyada davam etdirirlər.

 

Hazırda futbol oynamaqda davam edən ən yaşlı futbolçu yaponiyalı Kazuyoşu Miuradı. Onun nə az, nə çox, düz 49 yaşı var. Yaponiya millisinin sabiq üzvü “Yokohama” klubunun heyətində ölkə çempionatı matçlarında meydana çıxır.

 

Karyerasını davam etdirən məşhur veteranlar:

Mark Şvartser (“Lester”, İngiltərə) – 44 yaş

Ze Roberto (“Palmeyras”, Braziliya) – 42

Françesko Totti (“Roma”, İtaliya) - 40

Sebastyan Abreu (“Amerika”, Paraqvay) – 40

Eydur Qudyonsen (“Molde”, Norveç) - 38

Lusio (“Qoya”, Braziliya) - 38

Emil Heski (“Bolton”, İngiltərə) - 38

Frank Lempard (“Nyu York Siti”, ABŞ) - 38

Miroslav Kloze (“Latsio”, İtaliya) - 38

Didye Droqba (“Monreal İmpakt”, ABŞ) - 38

Canluici Buffon (“Yuventus”, İtaliya) - 38

Simao Sabroza (“Nort-İst Yunayted”, Hindistan) - 37

Adrian Mutu (“Tarqu Mureş”, Rumıniya) - 37

Dieqo Forlan (“Penarol”, Uruqvay) - 37

Andrea Pirlo (“Nyu York Siti”, ABŞ) - 37

Xavi Ernandes (“Əl-Sədd”, Qətər) - 36

Xuan Aranqo Saez (“Nyu York Kosmos”, ABŞ) - 36

Yon Arne Riise (“Olesun”, Norveç) - 36

Ronaldinyo (“Fluminense”, Braziliya) - 36

Robbi Kin (“Los-Anceles Qalaksi”, ABŞ) - 36

Stiven Cerrard (“Los-Anceles Qalaksi”, ABŞ) - 36

Con Terri (“Çelsi”, İngiltərə) - 36

Eşli Koul (“Los-Anceles Qalaksi”, ABŞ) - 36

 

 

Hazırda Topaz Premyer Liqasında çıxış edən ən yaşlı futbolçu isə George Lomaya, Ruslan və Elşən Poladov qardaşlarıdı. Adıçəkilən oyunçuların hər birinin 37 yaşı var. Sadəcə, gün baxımından “İnter”in gürcüstanlı qolkiperi əkiz qardaşları 3 ay qabaqlayır. “İnter”in formasını geyinən digər 2 gürcüstanlı futbolçu Laşa Salukvadze və Zurab Xizanişvili isə 35 yaşda futbol oynayırlar.

 

Azərbaycan yığmasının sabiq üzvləri Fərhad Vəliyev və Aleksandr Çertoqanov da karyerasını davam etdirən veteranlardı. Fərhad 36 yaşında “Qarabağ”ın ehtiyatında oturursa, Aleksandr “Sumqayıt”da hələ də forma geyinir. Vəliyevdən fərqli, milliləşdirilmiş Çertoqanov hətta 37 yaşın içindədi. “Zirə”nin kapitanı Rəşad Abdullayevin isə oktyabrda 35 yaşı tamam olacaq.

 

Azərbaycan futbol tarixinin ən yaşlısı isə Əli Quliyev olub. O, 54 yaşında “ABN Bərdə”nin heyətində I divizion matçında iştirak edib.

 

Qeyd edək ki, dünya futbol tarixində meydana çıxmış ən yaşlı oyunçu meksikalı Salvador Reyes olub. O, 2008-ci ildə 72 yaşında “Quadalahara”nın heyətində iştirak edib.