Artıq bahar deyil, qarlı bir qışam, odlanıb yansan da, axtarma məni... Bu, Rəşad Sadıqovun milli karyerasını başa vuracağı ilə bağlı dediyi sözlərin daha kədərli formasıdı. Deməli, uzun incə bir yolun sonuna gəldik. Bu son görüş, bu son vida... Kaş bu görüş olmayaydı... Nə etmək olar ki?
“Ayrılıq” haqqında deyilmiş ən gözəl söz ayrılmamaqdı olsa da, təəssüf ki, əldən heç nə gəlmir. Rəşad üçün vaxtdan da vaxtı borc almaq mümkün deyil. Gecdi daha... Vaxtı kəsib doğrayan o qayçı əqrəblərin ağzı yaman küt olmuş... Amma bildiyimiz bir gerçək heç vaxt dəyişməyəcək. Başqa yaz gələcək, yağış yağıb qar gələcək... Səndən bir də olmayacaq!
Haqqında bəhs etdiyim şəxs Azərbaycan futbolunun ön sözüdü. Bu, mənim üçün birmənalıdı. Bəs, nədi Rəşadı bu qədər sevdirən şey? Niyə onun vidası insanı bu qədər duyğulandırır ki? Nədi insanların ona rəğbət, hörmət bəsləməsinin səbəbi? Şan-şöhrət, pul-paramı, sürdüyü lüks avtomobilmi?
Təbii ki, sadaladıqlarım heç bir sualların cavabı deyil. Çünki o, haqqında yazılan mürəkkəb cümlələrdə sadəliyini tapan adamdı. Özü də, adam kimi adam. Bir düşünün, sonuncu dəfə hansı futbolçunun karyerasını başa vurmasına üzülmüsünüz? Tottininmi? Puyolunmu? Maldininmi? Bəs, Azərbaycanda? Bəlkə də bu sual bir qədər gülməli səsləndi. Əgər son illərdə azərbaycanlı futbolçunun vidasına üzülməmisinizsə, elə bunun da özü Rəşadın böyüklüyünün göstəricisidi.
Rəşad, Azərbaycan futbolunun şah damarıdı. Rəşad mücadiləsi, mübarizəsi, kişiliyi, xarakteri ilə bunu dəfələrlə sübut edib. Balaca Rəşaddan BÖYÜK kapitana qədər ucalmağı bacarıb.
Onu futboldan küsdürdülər, hətta Şahin Diniyev yığmadan da uzaqlaşdırdı. Getdi basketbol da oynadı. Amma dönüşü daha möhtəşəm alındı. Müstəqillikdən sonra Azərbaycan futbolunun qazandığı azsaylı uğurların yarıdan çoxunda Rəşadın imzası varsa, deməli, o, əsl mübariz insanın portretini yarada bilib.
Bu son görüş, bu son vida... Kaş bu görüş olmayaydı... Gözümüz səni meydanda çox axtaracaq, kapitan, çox. Kimsə millimiz haqqında artıq-əskik danışanda, onu "nakazat" edəcək birini indi hardan tapacağıq? Meydandakı mübarizə zamanı rəqibin ən cüssəli futbolçusu ilə indi kim baş-başa gələcək? Top uğrunda mübarizədə "tekmeye kafa atan" kim olacaq? Kim bilir...
Eyyub Yaqubovun da belə bir mahnısı var... Pərdələr qapanır. 16 ilə ərsəyə gələn filmin son səhnəsidi.
SON yazılan kimi hər kəs ayağa, alqışlar kapitana!
Ən böyük kapitan, bizim kapitan!
Emin SƏFƏROV
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO