Avropa Liqasının II təsnifat mərhələsi Azərbaycan və Rumıniya klubları arasında duellə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, ilk raundda Lüksemburq “Differdanj”ını mübarizədən kənarlaşdıran (2:0, 2:1) “Zirə” “Astra” ilə qarşılaşacaq.
Bu, avrokuboklar tarixində iki ölkə klubları arasında 3-cü duel kimi tarixə düşəcək. İndiyədək iki dəfə yollar kəsişib ki, hər dəfə mərhələni Rumıniya təmsilçisi keçib. Bizim üçün keçilməz olan ölkə ilə ilk qarşılaşan “Dinamo” olub. İndiki “Bakı” 1998-ci ildə “Arceş” önündə “ağ bayraq qaldırıb”. Rumıniyalılar hər iki matçda qalib gəlib.
Növbəti belə matç 10 il sonraya təsadüf edib. İntertoto kubokunda qələbələri sıralayan “Neftçi” “Vaslui” səddinə ilişib. Evdə qələbə qazanan bakılılar üstünlüyünü səfərdə əldən verib. Maraqlıdı ki, rumıniyalılara vurulan qollardan birinin müəllifi Rəşad Sadiqov indi “Zirə”nin üzvüdü və “Astra” ilə görüşə 9 il əvvəl rumınlara vurduğu qolun xatirəsi ilə çıxacaq.
1998/99, UEFA kuboku
1-ci təsnifat mərhələsi
22 iyul. “Arceş” (Rumıniya) – “Dinamo” - 5:1
29 iyul. “Dinamo” – “Arceş” (Rumıniya) - 0:2
2008/09, İntertoto kuboku
3-cü mərhələ
19 iyul. “Neftçi” – “Vaslui” (Rumıniya) - 2:1
26 iyul. “Vaslui” (Rumıniya) – “Neftçi” - 2:0