Malta futbolunda danışılmış oyunlarla bağlı qalmaqal yaranıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Birkirkara” klubunun sabiq baş məşqçisi Drazen Besek və qapıçısı Miroslav Kopriçin adı oyun alqı-satqısında hallanıb.
Bununla əlaqədar qolkiper yerli polisə ifadəsində şok fikirlər səsləndirib. Kopriç “Birkirkara” prezidentinin onu qaçırdığını söyləyib: “Prezident Adrian Della və onun 6 adamı məni qaçıraraq, bir qaraja saldılar. Onlar danışılmış oyunlarda iştirak edən futbolçuların adlarını söyləməyimi istədilər. Bunun bir parçası olmadığım üçün onlara heç nə demədim”.
“Birkirkara” klubu isə məsələ ilə bağlı bəyanat yayaraq, bir oyunçunun yanlış hərəkətlərindən şübhələndikləri üçün polisi məlumatlandırdıqlarını bildirib.