Azərbaycan yığmasının yarımmüdafiəçisi Timur Təməltaş çox güman ki, karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, gənc oyunçu PTT I liqa klublarından təkliflər alıb.
“Altınordu” klubundan yenicə ayrılan Təməltaşın xidmətində ən çox maraqlı olan komanda “Balıkesirspor”du. Ancaq onunla yanaşı, I liqaya yenicə vəsiqə qazanan “Ümraniyespor” və “Bandırmaspor” da millimizin üzvünü heyətinə cəlb etmək niyyətindədilər.
“Altınordu”dan qovulmasına baxmayaraq, klubu ilə müqaviləsi hələ də qüvvədə olan futbolçu özü də start heyətində meydana çıxa biləcəyi bir komandaya keçmək arzusundadı. Hazırda futbolçu təklif göndərən klublarla danışıqlar aparır.
Qeyd edək ki, 2013-cü ildə “Kayzerslautern”dən “Altınordu”ya keçən Timur Təməltaş geridə qalan mövsümdə PTT I liqasında 30 oyun keçirib, 8 qola imza atıb.