Hollandiya yığmasının sabiq hücumçusu Patrik Klyuvertin oğlu Castin Klyuvertin gələn ay Azərbaycana gözlənilən səfəri “Ayaks” klubunun rəhbərliyini qorxuya salıb. Apasport.az saytının məlumatına görə, Amsterdam təmsilçisi yeniyetmə futbolçu ilə peşəkar müqavilə imzalayıb.
Məsələ burasındadı ki, Klyuvert Hollandiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının da önəmli oyunçularındandı. Gələn ay Bakıda keçiriləcək U-17-lərin Avropa çempionatına “narıncılar”ın heyətində Castin də qatılacaq.
Ölkəmizə avropalı skautlarının gələcəyindən xəbərdar olan “Ayaks” rəhbərliyi Klyuverti başqa klubların “oğurlamaması” üçün onunla danışıq masası arxasında əyləşib. Hollandlar Patrik Klyuvertin oğlu ilə Bakı səfərindən öncə ilk peşəkar müqavilənin imzalanmasını lazım biliblər.
Tərəflər arasında 3 illik rəsmi sözləşməyə qol çəkilib. Bu isə o deməkdi ki, Bakıda Castinin oyununu bəyənəcək xarici klublar hücumçunun özü ilə yanaşı, artıq “Ayaks” rəhbərliyi ilə də danışıqlara başlamalı olacaq.
Qeyd edək ki, mayın 5-dən 21-dək keçiriləcək Avropa çempionatını İngiltərənin “Mançester Siti” və “Arsenal”, İspaniyanın “Sevilya”, Portuqaliyanın isə “Portu” klubunun skautları izləyəcək. Bu məqsədlə Bakıya səfər edəcək seleksiyaçılar AFFA-ya müraciət ünvanlayıblar.