Çempionlar Liqasının qrup mərhələsinin V turu “Beşiktaş”ın möhtəşəm heç-heçəsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Benfika” (Portuqaliya) ilə qarşılaşmanın ilk hissəsində 3 cavabsız qol buraxsa da, əzmkar bərabərlik əldə edib.
“Ağ-qaralar” qitənin ən nüfuzlu klub turnirində 3 topluq geriliyi aradan qaldıran ilk komanda deyil. Belə fərqlə geri düşənlər arasında hətta qalib gələnlər də olub.
UEFA-nın rəsmi saytı Çempionlar Liqasının tarixində ən möhtəşəm 5 belə oyunun siyahısını tərtib edib. Siyahıda 3 top fərqi ilə uduzub, sonra məğlubiyyətdən qaçan 4 komanda yer alıb. Yazıda əksini tapan daha bir matçda isə 2 topluq fərq aradan qaldırılıb.
2005. “Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) – 3:3, pen.2:3
İstanbul möcüzəsi kimi tarixə düşən final matçının ilk 45 dəqiqəsində 3 top buraxan İngiltərə təmsilçisi fasilədən sonra oyunu xilas edib. Qarşılaşmanı əlavə vaxta daşıyan mersisaydlılar sonda penaltilər zərbələri ilə kuboku qazanıb.
1993. “Verder” (Almaniya) – “Anderlext” (Belçika) – 5:3
İlk 33 dəqiqədə 3 cavabsız qol buraxan meydan sahibləri yalnız 66-cı dəqiqədə bu toplardan birinin əvəzini çıxıb. Lakin bu top son 24 dəqiqədəki 5 qoldan birincisi olub və almaniyalılar belçikalıları Bremendən məyus yola salıb.
2001. “Deportivo” (İspaniya) – PSJ (Fransa) – 4:3
Bu oyunda da meydan sahibləri 0:3-dən sonra qələbə qazanıb. 55-ci dəqiqədə fransalılar 3-cü qolu vuranda ispaniyalıların əksəriyyətinin ümidləri ölsə də, La Korunya təmsilçisi son 34 dəqiqədə 4 dəfə rəqibi məyus edə bilib.
2005. “Porto” (Portuqaliya) – “Petrjalka” (Slovakiya) – 2:3
Slovakiya klubunun qələbəsinin özəlliyi ondadı ki, onlar səfərdə əzmkarlıq nümayiş etdirib. 2 top fərqilə geri düşən qonaqlar ilk yarının uzatma dəqiqəsində fərqi azaldıb, fasilədən sonra daha iki dəfə qol sevinci yaşayıb.
2014. “Arsenal” (İngiltərə) – “Anderlext” (Belçika) – 3:3
Cəmi 2 il öncə Londonu şoka salan qarşılaşmada qonaqlar məğlubiyyətdən qaça bilib. 58-ci dəqiqədə “topçular” 3-cü qolu vurandan sonra brüssellilər təslim olmayıb. Son 30 dəqiqədə 3 dəfə fərqlənən qonaqlar oyunu xilas edə bilib.